RU

Heydər Əliyevin ən böyük arzusu nə idi? – Akademik ulu öndərlə yadda qalan görüşlərindən DANIŞDI

Azərbaycanın müasir tarixində silinməz izlər qoyan ümummilli lider Heydər Əliyev təkcə siyasi lider kimi deyil, həm də elmə, təhsilə və səhiyyəyə göstərdiyi xüsusi diqqəti ilə də yadda qalıb. Onun müxtəlif sahələrdə çalışan ziyalılara verdiyi dəstək, milli kadrların yetişdirilməsi istiqamətində atdığı addımlar bu gün də minnətdarlıqla xatırlanır. Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Oxu.Az-a müsahibəsində ulu öndərlə bağlı xatirələrindən, onun liderlik keyfiyyətlərindən, tibb sahəsinin inkişafına verdiyi töhfələrdən və Heydər Əliyev irsinin bugünkü Azərbaycan üçün əhəmiyyətindən danışıb.

– Əhliman müəllim, Heydər Əliyevlə ilk görüşünüzü necə xatırlayırsınız? Həmin an sizdə hansı təəssürat yaranmışdı?

-Şübhəsiz ki, Azərbaycanın bütövlükdə inkişafı ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Mən 20 il Moskvada çalışmışam. 1970-ci illərdə ümumilli lider Azərbaycandan Rusiyada təhsil alan, eləcə də elm sahəsində çalışan gənclərlə görüşlər keçirərdi. Mən bu görüşlərin bir neçəsinin iştirakçısı olmuşam. Biz hələ o zaman ulu öndərin bizim Azərbaycana necə qayıtmalı olmağımızla bağlı tövsiyələrini eşitmişik. Mən onunla Moskvada görüşmüşəm. 1986-cı ildə mən elm və texnika sahəsində SSRİ dövlət mükafatı alanda ulu öndər mənə təbrik teleqramı göndərmişdi. 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra bir neçə dəfə görüşümüz baş tutub. Telefon danışığımız isə daha çox olub. Birinci görüşümüz ulu öndər Milli Məclisin sədri olan vaxt olub. Məni görüşə dəvət etmiş, 30 dəqiqəlik söhbətimiz olmuşdu. Rəsmi ab-havada keçən görüşdə ölkəmizdə elm, təhsil və səhiyyə sahəsinin mövcud vəziyyəti, problemlərdən çıxış yolu barəsində müzakirə aparmışdıq. Digər bir görüşümüz isə 1998-ci ildə Tibb Universitetinin yeni tədris binası istifadəyə veriləndə olmuşdu. Bina açılışa gələn ümumilli liderin çox xoşuna gəldi və belə bir dövrdə bu işi necə ərsəyə gətirdiyimizi soruşdu. Həm də binanı çox bəyəndi, kollektivlə görüşdü. Biz açılışa ulu öndərin hələ Azərbaycana ilk rəhbərliyi dövründə tibb sahəsində çalışan tanınmış mütəxəssisləri dəvət etmişdik. O, onların hamısını tanıyrdı. Hər biri ilə görüşdü, xeyli söhbət apardı və mütəxəssislərin dəvət olunması çox xoşuna gəldi. Digər bir görüşümüz isə 2000-ci ildə Tibb Universitetinin 70 illik yubileyinə təsadüf edir. Yubileydə həm də universitetin 500 nəfərlik akt zalını açacaqdıq. Heydər Əliyev yubileydə iştirak etdi, həm də zalın açılışını etdi və zalda ilk dəfə olaraq çıxış etdi. Həmin il onun sərəncamı ilə universitetin 70 nəfər professor-müəllim heyətinə fəxri adlar, təltiflər verildi.

Heydər

O zaman mənim yaddaşıma əbədi həkk olunan bir hadisə baş verdi. Zalın giriş qapısı ilə üzbəüz universitetin muzeyini yaratmaq üçün bir yer düzəltmişdik. O dövrdə Türkiyənin məşhur akademiki, tibb elmləri üzrə professor mərhum İhsan Doğramacı özünə büst hazırlatmış və biri də bizə verilməklə universitetlərə, tibb müəssisələrinə hədiyyə etmişdi. Biz də büstü eksponat kimi muzeyin açılacağı yerə qoymuşduq. Digər eksponatları da toplayandan sonra açılış edəcəkdik. Ulu öndərin gözü həmin büstə sataşdı və kimə məxsus olduğunu soruşdu. Mən də niyyətimizdən xəbər verdim və ilk büstü İhsan Doğramacı hədiyyə etdiyi üçün oraya qoyduğumuzu söylədim. Baxmayaraq ki, mərhum Doğramacı ümumilli liderin yaxın dostu idi, amma o dedi ki, ölkəmizin elm xadimləri, sahiyyə sahəsində xidmətləri olan alimlərin heç birinin büstü yoxdur, siz o büstü qoymusunuz ora. Əlavə etdi ki, bütün büstlər və eksponatlar hazır olanda, hamısını birlikdə əlavə edərsiniz. Bu dərəcədə yerli elm xadimlərinə diqqət yetirirdi. Bir dəfə də bizim universitetin yataqxanası yerləşən ərazidə Ukraynanın prezidenti ilə görüş olmuşdu. Həmin yataqxanada keçmiş məcburi köçkünlər yerləşmişdi. Görüşdə əsas məslə məkandan aydın olduğu kimi Qarabağ idi. Buna baxmayaraq, mənim Heydər Əliyevlə təmaslarımın çoxu sahəmlə bağlı olub. Hələ o zaman dərman preparatları ilə bağlı problemlər var idi. O, bəzi dərmanların xaricdən ölkəyə gətirilməsinə kömək edirdi.

-Heydər Əliyev sovet dövründə də azərbaycanlıların fəaliyyətlərinə diqqət yetirib və onların uğur qazanmasına çalışıb. Bu barədə hansı xatirələriniz var?

-SSRİ dövründə tanınmış insanlara sosialist əməyi qəhrəmanı fəxri adı verirdilər. Bu, ən yüksək titullardan biri idi və siyasi büroda müzakirə olunurdu. Ulu öndər deyirdi ki, Azərbaycanın bir çox məşhur simasına bu fəxri adlar verilsə də, siyasi büroda problemlərlə qarşılaşırmış. Digər respublikaların başçıları da buna qısqanclıqla yanaşırmışlar. Hətta bir dəfə ulu öndər dedi ki, Ukrayna SSR-in birinci katibi deyib ki, Azərbaycanın əhalisi Ukraynanın əhalisindən bir neçə dəfə az olsa da, amma onların sosialist əməyi qəhrəmanı adı ilə təltif olunanlarının sayı Ukraynadakından çoxdur. Heydər Əliyev cavab verib ki, mən nə edə bilərəm ki, mənim xalqım istedadlı xalqdır? Mən bu kimi söhbətlərin bir neçə dəfə şahidi olmuşam. Bir dəfə də ailəmlə 50 illik yubileyimi qeyd edəndə xəbər verdilər ki, ulu öndər mənimlə danışmaq istəyir. Telefonla əlaqə yaratdıq, təbriklərini çatdırdı və çox səmimi söhbətimiz oldu. Yəni, bu qədər diqqətli və qayğıkeş idi.

Heydər

-Sizcə, Heydər Əliyevi digər liderlərdən fərqləndirən əsas xüsusiyyət nə idi?

-Ulu öndərin məntiqi güclü, zəkası və yaddaşı iti, bilik ehtiyatı o qədər çox idi ki, onun sualları qarşısında çətinlik çəkməmək mümkün deyildi. Bir dəfə Moskvadan akademik Nikolay Trapeznikov gəlmiş, onunla görüş olmuşdu. Mən də həmin görüşdə iştirak etmişdim. Gecə saatlarına qədər söhbətlər çəkdi. Trapeznikov SSRİ-nin tanınmış mütəxəssislərindən biri idi. Görüşdə prezident Heydər Əliyev çox hazırlıqlı və bütün sahələri yüksək səviyyədə bilən, iti yaddaşı ilə yadda qaldı. Buna bənzər bir hadisə də Moskvada olmuşdu. Mən Moskvada işləyən zaman bizim direktorumuz həm də SSRİ Tibb Elmləri Akademiyasının prezidenti Nikolay Bloxin idi. Onun bir adam haqqında xoş söz dediyini eşitmək mümkün deyildi. 1982-87-ci illərdə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. Həmin dövrdə Səhiyyə Nazirliyinin genişləndirilmiş kollegiyası keçirilir və səhiyyənin problemləri müzkairə edilirmiş. Bizim Onkologiya mərkəzinin səhər iclasında Bloxin məndən Heydər Əliyevin tibb təhsilinin olub-olmamağını soruşdu və dedi ki, o kollegiyada səhiyyənin problemləri və çıxış yollarından elə danışdı ki, hamı elə bildi, onun tibb təhsili var. Bunu SSRİ səhiyyəsinin birinci şəxsi deyirdi. Çünki o da Heydər Əliyevə heyran olmuşdu.

Heydər

-Bəs, Heydər Əliyevi müşayiət etdiyiniz xarici səfərləri necə xatırlayır və hansı təəssüratlarla qayıtmışınız?

-Mən ulu öndərin Türkiyə səfərində iki dəfə onun nümayəndə heyətinin tərkibində olmuşam. Türkiyədə təkcə rəhbərlik səviyyəsində deyil, xalqın da ona olan sevgisinin canlı şahidiyəm. Türkiyə Böyük Millət Məclisindəki çıxışında hər kəs onu ayaq üstə alqışlayır, universitetlərdə tələbələr onu diqqətlə dinləyidirlər. Bir neçə universitet ona fəxri doktor adı vermişdi. Heydər Əliyev türk dünyasını çox sevir və türk dünyasının birliyini istəyirdi.

-Bəs ümumilli liderin onkologiya sahəsinin inkişafında hansı rolu olub?

-Azərbaycanda nəinki bir çox tibb müsəssisəsinin, bir çox sahələrin təməllərinin atılması və inkişafı ulu öndərin adı ilə bağlıdır. Lakin onun ən böyük iki arzusu var idi. Bunlardan biri Azərbaycanda oftalmologiya, digəri isə onkologiya mərkəzinin yaradılması idi. Hətta o bunu regional səviyyədə düşünürdü. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təməllərini atdığı arzularını reallaşdırdı. Əvvəlcə, Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi, sonra onkologiya mərkəzinin inşası sona çatdırıldı. İndi Azərbaycanda həm müasir avadanlıqlarla təchizatı, həm də kadrlar baxımından dünyanın ən böyük onkologiya mərkəzlərindən biri fəaliyyət göstərir. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu sahədə kadrların hazırlanması ilə məşğul olmağa başladı. Dünyanın bir çox ölkələrinə gələcəkdə yüksəkixtisaslı onkoloq olmaları üçün gəncləri göndərdi. Onlar da təhsillərini başa vurub ölkəyə geri qayıtdı və çalışmağa başladılar. Çünki Heydər Əliyev bilirdi ki, bu xəstələrə ciddi qayğı və müalicə lazımdır. Ona görə də bu sahəyə xüsusi diqqət yetirirdi. Bugünkü onkoloji elmi mərkəzin yaranması Heydər Əliyevin adı ilə bağlıdır, inkişafı isə prezident İlham Əliyevin sayəsində mümkün olub.

Heydər

-Ulu öndərin həm liderlik xüsusiyyətlərindən, həm tibb sahəsində verdiyi dəstəkdən, həm də onunla bağlı xatirələrinizdən ətraflı şəkildə danışdınız. Bütün bunları nəzərə alsaq, Heydər Əliyev irsinin bugünkü Azərbaycan üçün əhəmiyyətini necə izah edə bilərsiniz?

-Bu gün ölkəmiz çox uğurla inkişaf edir. Cənab prezidentimizin rəhbərliyi altında ölkəmiz böyük uğurlara imza atıb. İstər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda ölkəmizin nailiyyətləri günbəgün artır. Bir dəfə Milli Məclisin Qarabağla bağlı qapalı iclasında ulu öndərin səsləndirdiyi fikir heç vaxt yadımdan çıxmaz. O dedi ki, bu problem çox çətindir, çünki mənfur qonşularımızın arxasında çox böyük qüvvələr dayanır. Ancaq mən bir şeyə inanıram ki, bizim bir qarış torpağımız da erməni tapdağı altında qalmayacaq. Bunun üçün zaman lazımdır. Beləliklə, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatı ilə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin ən ümdə arzusunu yerinə yetirərək Azərbaycan torpaqlarını işğaldan azad etdi. Təsadüfi deyil ki, möhtərəm prezident qələbədən sonra ulu öndərin məzarını ziyarət etdi və xalqa müraciətində ata vəsiyyətini yerinə yetirdiyini dedi. Bu gün ümumilli lider Heydər Əliyevin ruhu şaddır və bugünkü Azərbaycan onun görmək istədiyi Azərbaycandır.

Избранный
24
editor.az

1Источники