RU

"Düşmən Araz çayı bölgəsinə daxil olub İranı işğala başlayarsa..." - Vaezi kimi və niyə hədələdi - VİDEO

“3000 kilometrlik raketlər” mesajı: SEPAH-a yaxın ritorikanın arxasındakı təhlükəli məqamlar

İranda SEPAH-a yaxın media resurslarında yayılan və siyasi-dini şərhçi Şəms Əl Vaezinin səsləndirdiyi fikirlər regionda yeni müzakirələr doğurub.

Musavat.com xəbər verir ki, İranlı jurnalist və analitik çıxışında ölkənin təhlükəsizlik strategiyası ilə bağlı diqqətçəkən və eyni zamanda narahatlıq doğuran fikirlər səsləndirib.

Şəms Əl Vaezi bildirib:

“Ərazi müdafiəsi üçün bizə 3000 kilometrlik raketlər lazımdır. Əgər düşmən Araz çayı bölgəsinə daxil olub İranı işğala başlayarsa və İranın müdafiəni davam etdirə biləcəyi yeganə nöqtə Sistan və Bəlucistan olarsa, o zaman bizə 3000 kilometrlik raketlər lazım olacaq”. 

Bu açıqlamadan dərhal sonra İran ordusunun nümayəndəsinin də sərt mesajı yayılıb: “Bizə qarşı addım atacaq istənilən ölkə Silahlı Qüvvələrimiz tərəfindən sərt cavabla üzləşəcək”.

SEPAH-a yaxın platformalarda əlavə olaraq belə bir mesaj da verilib:

“İran Arazın o tayındakı vəziyyətə, eləcə də Birləşmiş Ərəb Əmirliklərində yerləşdirilmiş sionist rejim və Amerika bölmələrinin mövqelərinə tam nəzarət edir. Ən kiçik səhv halında qüvvələr və raketlər həmin obyektləri yerlə-yeksan etməyə hazırdır”.

Bu açıqlamalar ilk baxışda klassik hərbi ritorika təsiri bağışlasa da, Musavat.com-un təhlil şöbəsinin qənaətinə görə, burada daha dərin və ziddiyyətli məqamlar gizlənir.

Əvvəla, “3000 kilometrlik raket” məsələsi birbaşa Azərbaycanla bağlı görünmür. Çünki Azərbaycan İran sərhədində yerləşir və belə uzaqmənzilli raketlərə ehtiyac yoxdur. Burada əsasən ABŞ bazaları, İsrail və Körfəz regionundakı strateji obyektlərin nəzərdə tutulduğu ehtimal edilir. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərində yerləşən Amerika və İsrail hərbi infrastrukturu İran ideoloqlarının tez-tez gündəmə gətirdiyi hədəflər sırasındadır. 

0e97551f-067d-4372-98bf-a53a10abf382.jpg

Şəms Əl Vaezi

Lakin Şəms Əl Vaezinin çıxışındakı əsas diqqətçəkən məqam tamam başqadır. İranlı şərhçi faktiki olaraq İranın daxilində “ölkənin qərb hissələrinin itirilməsi”, “Araz bölgəsinə qədər düşmənin irəliləməsi” və “Sistan-Bəlucistana çəkilmə” kimi ağır ssenariləri dilə gətirir. Bu isə göstərir ki, İran daxilində təhlükəsizliklə bağlı ciddi narahatlıqlar mövcuddur.

Musavat.com-un təhlil şöbəsi hesab edir ki, bu tip açıqlamalar əslində güc nümayişindən daha çox, İranın strateji çıxılmazlığının etirafıdır.

Çünki son aylarda baş verən hadisələr İranın hərbi və təhlükəsizlik sistemində ciddi problemlərin olduğunu ortaya qoyub. İran rəhbərliyi illərlə “raket gücü”, “müqavimət oxu” və “strateji deterrensiya” konsepsiyasını regiona təqdim etsə də, praktiki nəticələr fərqli mənzərə göstərir.

İran:

* öz hava məkanını tam qoruya bilmir;
* strateji nüvə obyektlərini müdafiə etməkdə çətinlik çəkir;
* yüksək rütbəli hərbi və təhlükəsizlik fiqurlarını qorumaqda problemlərlə üzləşir;
* hava hücumlarından müdafiə sistemində ciddi boşluqlar nümayiş etdirir.

Məhz buna görə də Musavat.com-un təhlil şöbəsi hesab edir ki, İranın əsas problemi artıq raketin uçuş məsafəsi deyil, dövlətin öz təhlükəsizlik modelidir.

Çünki əgər bir dövlət öz səmasını, strateji obyektlərini və ali rəhbərliyini effektiv şəkildə qoruya bilmirsə, o zaman 3000 kilometrlik raketlər haqqında ritorika daha çox ideoloji təsəlli təsiri bağışlayır.

Musavat.com-un qənaətinə görə, İranın ballistik raket proqramı uzun illərdir “müdafiə sistemi” kimi təqdim olunsa da, reallıqda bu arsenal daha çox regionda qarşıdurmanı genişləndirən və yeni düşmən cəbhələri yaradan amilə çevrilib. 

a7631207-8c33-4c9c-9bd0-456c5d7a43d9.jpg

İran rəhbərliyinin əsas strateji xətti “uzaqdakı düşməni qorxutmaq” üzərində qurulub. Halbuki müasir müharibələr göstərir ki, təhlükəsizlik artıq yalnız raket sayına bağlı deyil. Kəşfiyyat, hava üstünlüyü, texnoloji imkanlar və daxili sabitlik daha həlledici faktorlardır.

Digər mühüm məqam isə SEPAH-a yaxın resursların “Arazın o tayına nəzarət edirik” kimi mesajlarla region ölkələrinə açıq psixoloji təzyiq göstərməyə çalışmasıdır. Bu ritorika bölgədə gərginliyi daha da artırır və İranın qonşuları ilə münasibətlərini mürəkkəbləşdirir.

Musavat.com-un təhlil şöbəsi hesab edir ki, İranın ideoloji aparatı hazırda daxildəki problemləri xarici təhlükə narrativi ilə kompensasiya etməyə çalışır. İqtisadi böhran, sosial narazılıq, təhlükəsizlik boşluqları və beynəlxalq təcrid fonunda “uzaq düşmən” və “böyük raket gücü” mövzusu yenidən ön plana çıxarılır.

Lakin bütün bunların fonunda əsas sual dəyişmir: İran milyardlarla dollar xərclədiyi hərbi proqramlarla öz təhlükəsizliyini niyə təmin edə bilmir?

Bu sual artıq yalnız regionda deyil, İran cəmiyyətinin daxilində də daha yüksək səslə səslənməyə başlayıb.

 

Musavat.com

Избранный
136
musavat.com

1Источники