RU

İran müharibəsinin Çinə ŞOK TƏSİRİ

İran ətrafında üçüncü aya daxil olan müharibə artıq təkcə Yaxın Şərqin deyil, dünyanın ən böyük hərbi güclərinin də diqqətlə izlədiyi strateji laboratoriyaya çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə CNN-in saytında maraqlı analitik yazı dərc olunub.

Yazıda Çinin hazırda bu müharibədən ABŞ ordusunun real döyüş şəraitində necə işlədiyi, hansı zəif və güclü tərəflərə sahib olduğu barədə ciddi nəticələr çıxarmağa çalışdığı qeyd olunub. Məqalə müəllifləri Bred Lendon, Silvi Çjuan və Ueyn Çanqa görə, Çin, Tayvan və digər ölkələrdən olan ekspertlər İran müharibəsinin mümkün ABŞ–Çin qarşıdurması, xüsusilə də Tayvan ssenarisi üçün mühüm dərslər verdiyini qeyd ediblər.

Çin hərbi ekspertlərini ən çox narahat edən məqamlardan biri İranın ABŞ-nin “Patriot” və THAAD kimi qabaqcıl hava hücumundan müdafiə sistemlərini müəyyən dərəcədə yarıb keçə bilməsidir. Çin Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki Fu Qianşao bildirib ki, əsas nəticə budur: Çin ordusu yalnız hücum imkanlarını deyil, müdafiə sistemlərini də ciddi şəkildə gücləndirməlidir. Onun sözlərinə görə, İran nisbətən primitiv texnologiyalar - ucuz “Şahed” dronları və daha ucuz ballistik raketlərlə belə ABŞ müdafiə sistemlərində boşluqlar tapa bilib.

Məqalədə qeyd olunur ki, Çin son illərdə hücum potensialını sürətlə artırır. Xüsusilə hipersəs raketləri, yeni nəsil gizli döyüş təyyarələri, uzaqmənzilli bombardmançılar üzərində geniş proqramlar həyata keçirir. Britaniyanın RUSI analitik mərkəzinə görə, Çin yaxın illərdə ABŞ-nin F-35-lərinə bənzər təxminən 1000 ədəd J-20 gizli qırıcısına sahib olacaq. Bundan başqa, ABŞ-nin B-2 və B-21 bombardmançılarına bənzər uzaqmənzilli gizli bombardmançı layihəsi də davam edir.

ABŞ İran üzərində apardığı hava kampaniyasında yüksək texnologiyalı F-35 və B-2-lərlə yanaşı, daha ucuz idarə olunan sursatlardan istifadə edən B-1, B-52 və F-15-ləri də kombinə edib. Bu hücumlarda raket buraxılış qurğuları, körpülər, hərbi gəmilər, liman infrastrukturu məhv edilib.

Çinli ekspertlər hesab edir ki, Pekin gələcək müharibə ssenarilərində məhz belə qarışıq və çoxqatlı hücum modelinə hazırlaşmalıdır.

Məqalənin əsas hissələrindən biri Tayvan ssenarisi ilə bağlıdır. Çin Kommunist Partiyası Tayvanla “yenidən birləşməyi” hədəf olaraq saxlayır və Si Cinpin bu məqsəd üçün hərbi güc variantını heç vaxt istisna etməyib.

“Uzaqmənzilli raketlər və dron sürüləri Çinin Tayvana qarşı birgə əməliyyatlarında əsas rol oynayacaq”, - deyə Tayvanın Milli Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun əməkdaşı Çie Çanq CNN-ə danışıb.

Çin hazırda dünyanın ən böyük dron istehsalçısıdır və lazım gələrsə mülki zavodlarını sürətlə hərbi istehsala keçirə bilər.

“War on the Rocks” platformasının 2025-ci il hesabatında deyilir ki, Çin ildə 1 milyard silahlı dron istehsal etmək gücünə malikdir. Tayvanda isə bəzi ekspertlər ölkənin bu qədər böyük dron axınına qarşı hazır olmadığını düşünürlər. Tayvan hökumətinin nəzarət orqanlarından birinin hesabatında ölkənin mövcud antidron sistemləri “effektsiz” və “kritik təhlükəsizlik riski” kimi qiymətləndirilib.

“Düşmənə qarşı gecə-gündüz fasiləsiz dron istehsal etməliyik”, - deyə Tayvanın ən böyük dron istehsalçılarından biri olan “Thunder Tiger” şirkətinin rəhbəri Gen Su qeyd edib.

Məqalə müəlliflərini fikrincə, ABŞ də İran müharibəsindən ciddi dərslər çıxarır. ABŞ Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Samuel Paparo Senatda çıxışı zamanı bildirib ki, dronlar hücum edən tərəf üçün müharibəni son dərəcə baha edir.

Tayvan ətrafında müharibə olacağı halda ABŞ və Tayvan minlərlə dron vasitəsilə Çin gəmilərini və təyyarələrini hədəfə ala bilər. İran müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında ehtiyatlı davranması və İranın asimmetrik müharibə potensialından çəkinməsi də Pekin tərəfindən diqqətlə izlənilir.

Məqalədə xüsusi vurğulanan digər məqam isə döyüş təcrübəsidir. Çin ordusu sonuncu dəfə 1979-cu ildə Vyetnamla müharibədə real genişmiqyaslı döyüş görüb. ABŞ isə İraqda iki dəfə, Əfqanıstanda, Kosovoda, Panamada uzun və intensiv hərbi əməliyyatlar keçirib.

Yazı müəlliflərinin gəldiyi qənaətə əsasən, İran müharibəsinin əsas dərslərindən biri müharibələrin artıq lokal çərçivədə qalmamasıdır.

Demokratiyaların Müdafiəsi Fondunun əməkdaşı Kreyq Sinqltonun fikrincə, İranın Hörmüz boğazından istifadə edərək qlobal ticarət və enerji zəncirinə risk yaratması lokal münaqişələrin çox sürətlə beynəlxalq böhrana çevrilə biləcəyini göstərir. Onun sözlərinə görə, Pekin üçün əsas mesaj budur:

“Tayvan ətrafında hər hansı müharibə dərhal qlobal ticarətə, enerji axınlarına və üçüncü tərəflərə təsir edəcək”.

Musavat.com

Избранный
88
28
musavat.com

10Источники