Azərbaycan nefti də təyyarə yanacağı üçün çox uyğundur və hazırda demək olar ki, bütün neftimiz məhz bu məqsədlərə xidmət edir. Bu səbəbdən Yaponiya daxil olmaqla bir çox ölkələr Azərbaycan nefti üçün müraciətlər edirlər. Turizm mövsümü, uçuşların artmasını nəzərə alaraq təyyarə yanacağı ilə bağlı vəziyyətin daha da kritik hal alacağı ehtimalı yüksəkdir.
Təsəvvür edək ki, neftayırma zavodumuz təyyarə yanacağı istehsal edir. Xarici şirkətlər xam neft alışında maraqlı olduqları üçün təbii ki, bütün neftimizi emal edə bilməzdik. Amma heç olmasa bizə çatan hissənin 15-20%-nin məhz təyyarə yanacağı istehsalına yönəlməsi ciddi dəyər artımı demək olardı. Onu da qeyd edim ki, neft hasilatının azalması gələcəkdə az neftdən maksimum dəyər qazanmaq, məşğulluq və büdcə gəlirlərinin artımı baxımından neftayırma zavodumuzla bağlı strategiyaya yenidən baxılmasını zəruri edir.
Onu da qeyd edim ki, xam neftin özü ilə bağlı da vəziyyət ölkələrdə çox fərqlidir. Məsələn, Hindistan, Pakistan, Banqladeş, Afrika ölkələrində avtomobil deyil, motosiklin yanacaq çənini tam doldurmaq artıq lüks hesab olunur. Kasıb ölkələrdə çatışmazlıq ona görə çoxdur ki, həmin ölkələr bahalı nefti əvvəlki həcmlərdə almaqda çətinlik çəkirlər. Onların ticarət balansları ciddi mənfi saldo formalaşdırıb, bəzi ölkələrdə isə ümumiyyətlə neft alışı üçün dollar qıtlığı var. Bəzi ölkələr isə (Çin, Yaponiya, Cənubi Koreya) həm 6-9 aylıq strateji xam neft ehtiyatları yığıblar, həm də indi də valyutaları, imkanları, ixracları kifayət qədər yüksək olduğu üçün enerji idxalında ciddi çətinliklərlə üzləşmirlər.
Səudiyyə Ərəbistanı isə qeyd edib ki, hesablamalarına görə 28 fevraldan indiyə qədər dünya neft bazarında 1 milyard barel neft yoxa çıxıb. Bu o deməkdir ki, məhz çatışmazlıq, qənaət səbəblərindən 28 fevraldan indiyə qədər normal halda satılan neftdən 1 milyard barel az neft satılıb. Bu əslində ciddi siqnaldır. Niyə? Çünki, bu qənaət ölkələrin növbəti aylarda iqtisadiyyatlarında öz təsirlərini göstərəcək. Bu isə ayrı mövzudur.
Qaz məsələsi ilə də bağlı vəziyyət oxşardır. Burada isə səbəb qazın özünə yanacaq kimi tələbin artmasından daha çox elektrik enerjisinə davamlı olaraq artan tələbdir. Avropada elektrik enerjisinin təxminən 20-22%-i istilik elektrik stansiyalarında (qazdan) əldə olunur, həm də sənayedə geniş istifadə olunur. Bu səbəbdən Avropaya elektrik enerjisi ixracı getdikcə aktuallaşır.
Əslində müharibə bu gün tam bitsə və Hörmüz Boğazı maneəsiz açılsa neft qiymətləri hələ bir müddət 80 dollar ətrafında qalacaq. Lakin, hazırda kiçik Körfəz ölkələri xaric, lakin Səudiyyə Ərəbistanı daxil olmaqla neft hasil edən ölkələrin demək olar ki, hamısından neft hasilatına investisiyalar qoyulur, kvotalar maksimallaşdırılır, neft çıxarılmasında sanki ciddi bir yarış başlayıb. Bunun da nəticələrini gələn il görəcəyik.
Elman Sadıqov
İqtisadçı ekspert
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31