RU

Günün fotosu – Lövbər salıb “Hondius”, içində hantavirus

Bu şəkil İspaniyanın Tenerife limanında çəkilib. Obyektivdə “MV Hondius” adlı kruiz gəmisi və onun göyərtəsindən turistləri təxliyə edən katerdir.

Hazırda bütün dünya bu mənzərəyə qorxa-qorxa, narahatlıqla tamaşa edir. Çünki bu gəmi özü ilə materikə ağır xəstəlik, ölüm gətirib.

Aşağısı 16, yuxarısı 25 min dollar pul xərcləyərək 42 günlük dünya turuna çıxan turistlərin budəfəki səfasının axırı cəfa ilə bitib. İndi onlar ən azı psixoloji travma alıblar və hantavirusa yoluxub-yoluxmadıqlarını bilmirlər.

Epidemiya və pandemiya olanda sevinən Ümumdünya Səhiyyə Təşkilatının “bayquş”ları deyirlər ki, gəmidə doqquz yoluxma halı baş verib, onlardan yeddisi təsdiqlənnib, üç nəfər isə deyə-gülə mindikləri laynerdən xərəkdə, adları birkada ayaqlarının baş barmağına yazılı halda çıxarılıblar.

Gəmidə toplam 150 nəfər olub – çoxu turist, qalanı ekipaj üzvü. Hazırda hamısı müayinə edilir, daha sonra karantinə alınacaqlar.

hanta.JPG

Batan gəmini ilk olaraq siçovulların tərk etdiyi barədə çoxəsrlik ehkam sarsılıb. Gəmi batmasa da, batmışdan betər olub və onu birinci insanlar tərk edir, hantaviruslu siçanlar isə gəminin anbarlarındakı dəlmə-deşiklərdə gizlənib qalırlar.

Ən pisi odur ki, kruiz gəmisində müxtəlif ölkələrin vətəndaşları olub. Bu da o deməkdir ki, yoluxmuş adamlar müxtəlif ölkələrə səpələnəcəklər. Düzdür, hər dövlət öz xəstəsinə yiyə durur, amma koronovirusun acı təcrübəsi göstərir ki, indinin virusları karantinə, sərhədə baxmırlar, yayıla-yayıla gedirlər.

Bu arada, Britaniya paraşütçüləri ölkənin ən ucqar adası olan Tristan da Kunya adasına eniş edərək, hantavirusa yoluxan vətəndaşa həkimlər və oksigen çatdırıblar. O adam da kruiz gəmisində olub, yarı yolda gəmidən adaya enib ki, başqalarını yoluxdurmasın.

Bəs bu gəminin taleyi necə olacaq? Heç nə. Onu son millimetrinə qədər dezinfeksiya edəcək, bəlkə də tamamilə söküb, yenidən yığacaq, hətta adını da dəyişəcəklər. İndi belə kim “MV Hondius” adlı gəmiyə minər? “Titanik”in biri də o oldu.

Musavat.com

Избранный
5
musavat.com

1Источники