RU

Pentaqonun məxfi arxivləri və “dərin dövlət”in sirləri açılır: ABŞ qlobal rəqiblərinə qarşı “kosmosdan zərbə” planı qurur

Belə anlaşılır ki, Tramp administrasiyasının son vaxtlar ABŞ cəmiyyətinə mümkün qədər daha çox məxfi sənədləri, yeni videogörüntüləri və hərbi şahid ifadələrini yayımlamaqda maraqlı olması qətiyyən təsadüfi deyil... ABŞ cəmiyyətində dövlət qurumlarına inamın zəiflədiyi, beynəlxalq sistemdə isə yeni güc balansının formalaşdığı bir dövrdə Ağ Ev artıq qlobal geopolitik rəqabətin, informasiya müharibəsinin və texnoloji qarşıdurmanın yeni “təsir aləti”ni icad etməyə çalışır...

ABŞ-ın Yaxın Şərqdə “savaş bataqlığı”na düşməsi Ağ Evi çətin duruma salıb. Xüsusilə də, son vaxtlar ABŞ siyasi elitasında və cəmiyyətində güclənən etiraz dalğası Tramp administrasiyasının qlobal məkanda manevr imkanlarını məhdudlaşdırmağa başlayıb. Ona görə də, indi Ağ Ev ABŞ cəmiyyətinin diqqətini ölkənin həm daxili, həm də xarici problemlərindən yayındırmaq üçün müxtəlif variantlar axtarmaq məcburiyyətində qalıb. Və bu baxımdan, Tramp administrasiyası qlobal geopolitik savaşın yeni alətinə çevrilə biləcək fərqli mexanizmlərə yönəlməyə çalışdığını da açıq-aşkar sezdirməkdədir.

Onu da qeyd etmək lazımdır ki, nə qədər qəribə də olsa, ABŞ-da UFO və yadplanetli sivilizasiya mövzusu indi yenidən ölkədaxili gündəmin ən çox müzakirə olunan məsələlərindən birinə çevrilib. Ağ Evin keçmiş və hazırkı siyasi elitası bu mövzuda ard-arda açıqlamalar verir. Pentaqon məxfi sənədləri mərhələli şəkildə ictimaiyyətə təqdim edir. ABŞ Konqresində xüsusi dinləmələr keçirilir və hərbi pilotların ifadələri yayılır. Bu isə artıq onu göstərir ki, Tramp administrasiyası uzun illər “komplo nəzəriyyəsi” kimi təqdim edilən bu mövzunu yeni siyasi və strateji platformaya daşımağa başlayıb.

Məsələ ondadır ki, xüsusilə də, prezident Donald Tramp tərəfindən ABŞ Müdafiə Nazirliyinə, eləcə də, digər federal qurumlara UFO və yadplanetli sivilizasiya ilə bağlı mövcud olan sənədlərin açıqlanması istiqamətində rəsmi göstəriş verilib. Məhz həmin göstərişdən sonra həm ABŞ daxilində, həm də qlobal məkanda bu mövzuda müzakirələr daha da intensivləşib. Üstəlik, Ağ Ev sahibi Donald Trampın sosial şəbəkə paylaşımında “xalqın həqiqətləri bilməyə haqqı var” məzmunlu mesajlar verməsi və məsələyə məhz emosional yanaşması, ABŞ daxilində onsuz da dərinləşən siyasi qütbləşməyə yeni impuls qazandırıb.

75e98fa7-3c16-4fd2-9c55-97acb995a47d.jpg

Maraqlıdır ki, prezident Donald Tramp bu məsələni yalnız elmi və ya təhlükəsizlik mövzusu kimi təqdim etmir. Ağ Ev sahibi eyni zamanda, bunu “federal sistem daxilində gizlədilən sirrlərin açılma prosesi” kimi siyasi kampaniya elementinə də çevirməyə çalışır. Belə ki, ABŞ-da son illərdə “dərin dövlət”, xüsusi xidmət strukturlarının nəzarətdən çıxması və ictimaiyyətdən məlumatların gizlədilməsi ilə bağlı müzakirələrin artmaqda olduğu müşahidə edilirdi. Və bütün bunlar nəzərə alındıqda, UFO mövzusunun da məhz həmin siyasi atmosferə uyğun şəkildə istifadə edildiyi açıq-aşkar görünür.

Digər tərəfdən, keçmiş prezident Barak Obama da vaxtilə ABŞ hərbi hava qüvvələrinin müşahidə etdiyi bəzi naməlum hava hadisələrinin daha aydın izah olunmadığını etiraf etmişdi. Ancaq Barak Obama bu məsələni daha ehtiyatlı və texniki çərçivədə təqdim edərək, birbaşa “yadplanetli sivilizasiyalar” barədə danışmaqdan yayınmağa çalışmışdı. Buna baxmayaraq, ABŞ siyasi elitasının ən yüksək səviyyəsində UFO mövzusunun açıq şəkildə müzakirə olunması belə, Ağ Evin artıq bu mövzunu tamamilə inkar etmədiyini göstərən önəmli məqamdır.

Ən diqqətçəkən digər məqamlardan biri isə Pentaqonun rəsmi platforması üzərindən “Unidentified Anomalous Phenomena” (UAP – naməlum anomal hadisələr) adlandırılan hadisələrə dair məxfi materialların tədricən mərhələli şəkildə yayımlanmasıdır. Belə ki, bu mövzu ilə bağlı ABŞ hərbi pilotlarının hesabatları, radar görüntüləri və bəzi videogörüntülər ictimaiyyətə təqdim edilir. Və hətta yayılan materiallardan birində ulduza bənzər bir naməlum obyektin qeyri-adi trayektoriya üzrə yüksək sürətlə hərəkət etdiyi iddia olunur.

Ancaq Qərb müşahidəçiləri hesab edirlər ki, Tramp administrasiyasının bu mövzunu birdən-birə bu qədər aktiv şəkildə gündəmə gətirməsi qətiyyən təsadüfi görünmür. Çünki hazırda dünya böyük texnoloji rəqabət mərhələsinə daxil olub. ABŞ, Çin və Rusiya arasında hipersəs raketləri, süni intellektlə idarə olunan pilotsuz platformalar, kosmik hərbiləşmə proqramları və elektromaqnit texnologiyalar sahəsində sərt rəqabət gedir. Və bu baxımdan, UFO kimi təqdim edilən bəzi hadisələrin əslində, məxfi hərbi layihələrlə bağlı olma ehtimalı da kifayət qədər yüksək qiymətləndirilir.

edabeb8b-1908-4fe9-8f48-d656335d4771.jpg

Məsələ ondadır ki, xüsusilə də Çin son illərdə həm kosmik proqramlarda, həm də pilotsuz hava sistemlərində ciddi texnoloji sıçrayışa nail olub. Rəsmi Pekin hipersəs texnologiyaları sahəsində ABŞ-a açıq-aşkar meydan oxumağa başlayıb. Rusiya isə Ukrayna savaşına paralel olaraq, yeni nəsil raket sistemlərini nümayiş etdirməyə çalışır. Belə bir vəziyyətdə ABŞ hava məkanında müşahidə edilən bəzi “izaholunmaz obyektlərin” əslində, məhz rəqib dövlətlərin sınaq texnologiyalarının olma ehtimalı ABŞ-ın təhlükəsizlik sistemini ciddi şəkildə narahat edir.

Təbii ki, məhz ona görə də, ABŞ artıq UFO məsələsinə yalnız mistik və ya fantastik mövzu kimi yanaşmır. Yəni, bu mövzu getdikcə, ABŞ-ın milli təhlükəsizlik problemi statusu qazanmağa başlayıb. Belə ki, Ağ Ev üçün əsas hərbi risk naməlum obyektlərin ABŞ-ın hava məkanında nəzarət sistemlərini aşa bilməsi, radar və müdafiə mexanizmlərini çaşdırmağa nail olması ilə bibaşa başlıdır. Və bu isə Ağ Evdə artıq birbaşa ABŞ-ın strateji təhlükəsizlik məsələsi hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar geniş müzakirə olunan digər önəmli məsələ isə UFO və kosmik proqramlarla əlaqəli olduğu iddia edilən amerikalı alimlərin müəmmalı ölümü və yoxa çıxması barədə xəbərlərdir. ABŞ mediasında nüvə fizikası, aerokosmik tədqiqatlar və müdafiə layihələri üzərində çalışan 15 nəfərə yaxın önəmli mütəxəssisin son illərdə şübhəli şəraitdə həyatını itirməsi və ya yoxa çıxması barədə məlumatlar yayılıb. Və bu barədə məlumatlar istər-istəməz ABŞ cəmiyyətində ajiotajla yanaşı, ziddiyyətli iddiaların gündəmə gəlməsinə də səbəb olur.

ba7a7fa5-480b-4574-a080-edd16454b042.jpg

Bəzi siyasi dairələr bu hadisələri UFO araşdırmaları ilə əlaqələndirməyə çalışsalar da, hazırda bununla bağlı açıq və təsdiqlənmiş sübutlar mövcud deyil. Ancaq bu barədə məlumatların ictimaiyyətə sızdırılması belə, ABŞ daxilində qorxu, sirr və gizli dövlət strukturları barədə etimadsızlıq narrativlərini daha da gücləndirir. Və prezident Donald Trampın bu məsələ ilə bağlı ciddi araşdırma aparılacağını vurğulaması isə baş verən hadisələrə siyasi çalarlar da qatır.

Bütün bunlar isə onu göstərir ki, XXI əsrdə UFO mövzusu sadəcə, fantastika və ya marginal müzakirə predmeti olmaqdan çıxmaq üzrədir. Çünki bu məsələ artıq qlobal geopolitik rəqabətin, informasiya müharibəsinin və texnoloji qarşıdurmanın yeni təsir alətinə çevrilməyə başlayıb. Və ona görə də, ABŞ cəmiyyətində dövlət institutlarına inamın zəiflədiyi, beynəlxalq sistemdə isə yeni güc balansının formalaşdığı bir dövrdə belə mövzuların daha da intensiv şəkildə gündəmə gətirilməsi qətiyyən təsadüfi sayıla bilməz.

Göründüyü kimi, böyük ehtimalla yaxın vaxtlarda Tramp administrasiyası UFO mövzusunda mümkün qədər daha çox sənədləri, yeni videogörüntüləri və hərbi şahid ifadələrini yayımlamaqda daha da maraqlı ola bilər. Ancaq əsas məsələ bunun həqiqətən yadplanetli sivilizasiyalarla bağlı olub-olmaması deyil. Əsas məsələ ondan ibarətdir ki, UFO fenomeni artıq böyük dövlətlərin siyasi manipulyasiya, psixoloji təsir və strateji rəqabət alətinə də çevrilmək üzrədir. Və belə anlaşılır ki, Tramp administrasiyası həm “dərin dövlət”in sirlərini açmağa, həm də ABŞ-ın qlobal rəqiblərinə qarşı artıq “kosmosdan zərbə” planı üzrə hərəkət etməyə başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Избранный
43
28
musavat.com

10Источники