Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Aqrar Təlim Mərkəzinin təşkilatçılığı, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bərdə Dövlət Peşə Təhsili Mərkəzində baytar həkimləri və aqronomlar üçün “Müasir çağırışlar, yeni tendensiyalar və aqrar həllər” mövzusunda maarifləndirici seminar keçirilib.
“İki sahil” xəbər verir ki, seminarın əsas məqsədi aqrar sahədə müşahidə olunan müasir çağırışlar, innovativ yanaşmalar və yeni texnologiyalar barədə iştirakçıların məlumatlandırılması, onların peşəkar bilik və bacarıqlarının daha da artırılması olub. Təlimlər zamanı heyvandarlıq və bitkiçilik sahəsində tətbiq olunan yeni metodlar, xəstəliklərlə mübarizə üsulları, məhsuldarlığın artırılması yolları, eləcə də müasir aqrotexniki yanaşmalar barədə ətraflı təqdimatlar edilib.
Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə aqrar sahədə insan kapitalının inkişafının vacibliyini vurğulayıb. Bildirib ki, kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması üçün fermerlərin və sahə mütəxəssislərinin müasir biliklərə yiyələnməsi xüsusi əhəmiyyət daşıyır. Aqrar sahədə baş verən müasir dəyişikliklər, yeni texnologiyaların tətbiqi, eləcə də iqlim dəyişiklikləri və qlobal çağırışlar kənd təsərrüfatında bilik və əməkdaşlığın əhəmiyyətini daha da artırır.
Tədbirdə mütəxəssislər tərəfindən müasir baytarlıq xidmətlərində innovativ yanaşmalar, heyvan xəstəliklərinin profilaktikası və onlarla mübarizə üsulları, bitkiçilikdə məhsuldarlığın artırılması üçün yeni aqrotexniki metodlar, torpaq münbitliyinin qorunması və düzgün gübrələmə qaydaları, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi, eləcə də iqlim dəyişikliklərinin aqrar sahəyə təsiri və uyğunlaşma tədbirləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Seminar interaktiv müzakirələrlə davam etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə AXA-nın Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin baytar həkimləri, özəl baytarlar, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin aqronom və torpaqşünas mütəxəssisləri, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin fumiqant və aqronomları, Aqrar Təlim Mərkəzinin təlimçiləri, eyni zamanda Bərdə Dövlət Peşə Təhsili Mərkəzində baytarlıq və aqronomluq ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.