Bakıda bir çox avtobus marşrutlarına baxan “Bakubus” və dövlətin taksi xidməti olan “Bakı Taksi”ni metro ilə birləşdirdilər. Yəqin ki, bu təmərküzləşmə nəqliyyat sahəsində problemlərdən qurtulmaq üçündür, ancaq xırda hissələri bütövləşdirməklə işin düzələcəyi şübhəlidir. Çünki bu cür vahid rəhbərliyi biz sovetin vaxtında görmüşük. O zaman camaat iş-gücə getmək üçün saatlarla dayanacaqda qalırdı, avtobusun, trolleybusun qapısından sallaşıb gedirdik.
Lakin birləşmə xalqın tələbidir, bizə birlik gərəkdir! Ona görə təklif edirəm, yaxın vaxtlarda gəmiçilik də metropolitenə birləşdirilsin. O cümlədən, təyyarəçilik. Hətta daha uzağa gedərək ticarət və yanğınsöndürmə xidmətlərimizin də metroya birləşdirilməsini arzu edərdim. Nəyə görə?
Baxın, bu gün Lökbatan tərəfdə anbar yandı. Nə qədər mal-pul ziyan oldu, hava korlandı. Halbuki, əgər anbar fövqəladənin tabeliyində olsaydı, o da metroya birləşsəydi, yanğın olardımı? Olmazdı!
Sübutum da var. Təzəlikcə bütün metroda hərəkət dayandırıldı, hamını qovalayıb yerin üstünə çıxardılar. Sonra metronun müdiri izahat verdi, dedi ki, stansiyalar arasında elektrik xətti kontakt vermişdi, cupbulu yanğın təhlükəsi vardı, ona görə hərəkəti dayandırdıq.
Həqiqətən də, bu sığortalama sayəsində 2-3 nəfərin ürəyinin getməyindən başqa zərərçəkən olmadı, onları da sonra müdir gedib evlərində ziyarət etdi, hətta yaradılan narahatçılığa görə üzr istədi. Bunun özü bizim administrativ təcrübədə fantastik yenilik sayılmalıdır: vətəndaşdan narahatlığa görə üzr istənilməsini nəzərdə tuturam. Adətən vətəndaşlar üzr istəyirdilər – məmurlara narahatçılıq yaratdıqları üçün.
Uzun sözün qısası, ilkin açıqlamada anbarın “Kontakt” adlı şirkətə məxsus olması söylənildi. Buyur. Böyük ehtimal, orda tok kontakt verib. Gərək şirkətin adını düz seçəsən. Məsələn, bir nəfər də məndən icazəsiz adıma bank açmışdı, bağlandı getdi işinin dalıyca. Halallıq almamısan axı! Elə pulu yemək olmaz.
Mənə bu cür yanğın əhvalatlarında həmişə bir detal da maraqlı gəlir: hadisə ərazisinə nazirin gəlməsi barədə xəbərin xalqa çatdırılması. Guya nazir gəlib orda nə edəcək? Şlanqı tutmursan, vedrədə bir damcı su daşımırsansa, camaata niyə mane olursan? Qəzetçilikdə operativlik haqqında bir ingilis yumoru var, deyir, yaxşı reportyor yanğın yerinə yanğın başlamazdan 15 dəqiqə qabaq gəlməlidir. İndi mən hesab edirəm ki, yaxşı nazir də əslində hadisə yerinə öncə gəlməlidir. İş işdən keçəndən sonra nə mənası?
Burada işin işdən keçməsinin özü prosedur olaraq maraqlıdır həmçinin. Çünki araşdırsan, həmin anbarın yanğın təhlükəsizliyi üzrə bütün normativ sənədləri hansısa üsullarla əldə etdiyi ortaya çıxar. Yəni, kağız-kuğuza baxsan hər şey top kimidir, lakin reallıqda tozanaq qopur. Bəs buna cavabdeh kimdir? Metronun rəisi – yuxarıdakı planım alınsa belə olacaq. Həm də yoldaş özünü əsl xalq adamı kimi nümayiş etdirib, niyə istifadəsiz qalsın? Harda anbar yansa, göndərək, gedib satıcı və alıcılardan üzr istəsin, hamının könlü xoş olsun.
Ümumiyyətlə, nəqliyyat sektorunda aparılan islahatlar bizi hərtərəfli sevindirir. Camaatın metroda doğduğunu artıq bilirdik, təzəlikcə bir avtobus sürücüsü isə əvvəlcə istədiyi xanıma avtobusun içində evlilik təklif etdi, sonra həmin maşınla gəlin apardılar. Çox müsbət emosiyalar yaşadıq. İndi hər bir subay avtobusa minəndə bunun evliliklə bitmək ehtimalını da nəzərə alır.
Yəqin ki, “zaqs”ı metroya birləşdirmək barədə təkliflərimin olduğunu yazmağıma ehtiyac qalmır.