Türkiyənin “Qalatasaray” klubunun dünya futbolunun ən məşhur müdafiəçilərindən biri olan Virgil van Dijk ilə maraqlandığı iddia olunur. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına görə, İstanbul təmsilçisi yay transfer dönəmində müdafiə xəttini gücləndirmək üçün ulduz futbolçunu heyətinə cəlb etməyi əsas hədəf kimi qarşıya qoyub. Məlumata əsasən, “Qalatasaray” rəhbərliyi artıq transfer planlamasına başlayıb və klub prezidenti Dursun Özbek bu keçidi “xəyali transfer” kimi qiymətləndirir. Tərəflər arasında yaxın vaxtlarda rəsmi təmasların qurulması gözlənilir. Hazırda “Liverpool”un formasını geyinən Van Dijk-in klubu ilə 2027-ci ilə kimi müqaviləsi var. Buna baxmayaraq, bəzi mənbələr hollandiyalı müdafiəçinin gələcəyi ilə bağlı variantları nəzərdən keçirdiyini yazır. Xüsusilə “Qalatasaray”ın Çempionlar Liqasındakı uğurlarının təcrübəli futbolçuda müsbət təəssürat yaratdığı vurğulanır. Türk mediası bildirir ki, İstanbul klubu futbolçunun hazırkı yüksək maaşını qarşılamağa hazırdır. Transferin reallaşacağı təqdirdə bu, son illərin ən səs-küylü keçidlərindən biri baş tutacaq. Qeyd edək ki, 34 yaşlı müdafiəçi karyerası ərzində Premyer Liqa, UEFA Çempionlar Liqası və FIFA Klublararası Dünya Çempionatı da daxil olmaqla bir sıra nüfuzlu titullar qazanıb.