Beynəlxalq Cinayət Məhkəməsinin orderi sonrası Senat binasında atışma baş verib və təhlükəsizlik əməliyyatı keçirilib...
Poliqon xəbər verir ki, Filippin Senatının binasında 13 may tarixində silahlı insident qeydə alınıb. Reuters Agentliyinin məlumatına görə, bina daxilində ardıcıl atəş səsləri eşidilib, əməkdaşlara və senatorlara sığınacaqlara keçmək tapşırılıb, jurnalistlər isə təxliyə olunub.
Məlumata əsasən, hadisə zamanı Senat binasına kamuflyaj geyimində ondan çox hərbçi daxil olub. Onların bir hissəsinin avtomat silahlarla silahlandığı bildirilib.
İnsident keçmiş prezident Rodrigo Duterte dövründə milli polisə rəhbərlik etmiş senator Ronald dela Rosaın mümkün həbsi ilə bağlı gərginlik fonunda baş verib.
Rodriqo Duterte 2016–2022-ci illərdə Filippinə rəhbərlik edib və onun hakimiyyəti dövründə həyata keçirilən sərt “narkotiklərlə müharibə” siyasəti beynəlxalq səviyyədə geniş tənqid olunub. Hüquq müdafiə təşkilatlarının məlumatına görə, həmin kampaniya zamanı minlərlə insan öldürülüb.
Reuters yazır ki, Beynəlxalq Cinayət Məhkəməsi Ronald dela Rosa barəsində insanlığa qarşı cinayətlər işi üzrə həbs orderi yayıb. İttihamlar məhz Duterte administrasiyasının narkotiklərlə mübarizə kampaniyası ilə əlaqələndirilir.
Senator dela Rosa isə bazar ertəsindən etibarən Senat binasında qalır və həbsinin “qaçılmaz” olduğunu bildirib. O, tərəfdarlarını özünün Haaqaya təhvil verilməsinə mane olmağa çağırıb.
Ronald dela Rosa bəyan edib ki, Filippin məhkəmələri qarşısında cavab verməyə hazırdır, lakin Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır.
Analitiklərin fikrincə, baş verən hadisə Filippində daxili siyasi gərginliyin və Duterte dövrünün hüquqi nəticələrinin daha da kəskinləşdiyini göstərir.
Poliqon.info