RU

Qurban bayramında bu heyvanların kəsimi QADAĞANDIR!

Din xadimi Hacı Surxay Məmmədli fikirlərini Ajans.az-a paylaşıb.  İlahiyyatçı deyib ki, “qurbanların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır.” — Qurani-Kərim. 
Qurban ibadətinin mahiyyəti də məhz bu ayədə çox aydın şəkildə ifadə olunur. Burada əsas olan zahiri görüntü deyil, insanın ixlası, Allaha yaxınlaşmaq niyyəti və paylaşmaq ruhudur. Qurban bayramında qurban kəsmək dini baxımdan hər bir müsəlmana vacib hökm sayılmır. Vacib olan qurban, Həcc ziyarətində müəyyən mərhələləri yerinə yetirən hacılara aiddir. Həccdə olmayan insanlar üçün isə qurban kəsmək çox böyük savab və tövsiyə olunan bir ibadətdir.
Bu baxımdan insan özünü məcbur hiss edib ağır borca girməməlidir. Əgər borc götürmək onun ailə vəziyyətinə və gündəlik həyatına çətinlik yaradacaqsa, belə addım doğru sayılmaz.  “Din insanı çıxılmaz vəziyyətə salmağı deyil, ölçülü və hikmətli davranmağı tövsiyə edir. Amma insanın maddi vəziyyəti imkan verirsə və aldığı borcu rahat şəkildə qaytara biləcəksə, bunun dini baxımdan maneəsi yoxdur. Əsas məsələ ixlas və ağıllı davranışdır.
Ən böyük səhvlərdən biri qurbanın mənəvi ruhunun unudulmasıdır. Bəzən insanlar bu ibadəti sosial nümayiş vasitəsinə çevirirlər.” Hacı Surxay deyib ki, qurbanın məqsədi paylaşmaq, ehtiyac sahibini sevindirmək və cəmiyyətdə mərhəmət hissini gücləndirməkdir.
Digər yanlışlıq isə əti yalnız yaxın çevrəyə paylamaq, həqiqətən ehtiyacı olan insanları unutmaqdır. Bəzən də yardım edilən şəxsin qüruru qorunmur. Din isə insanın ləyaqətini qorumağı xüsusi önəmli hesab edir. Qurbanın ruhu təvazö, ehtiram və səmimiyyətdir. “İmkanı olmayan insan özünü narahat və ya günahkar hiss etməməlidir. Çünki bu ibadət hər kəsə vacib deyil. Allah insanı gücü çatmadığı işlə mükəlləf etməz. Maddi imkanı olmayan biri həmin günlərdə başqa xeyir işlər görə, ehtiyac sahibinə yardım edə, ailəsini sevindirə və dua ilə həmin günlərin mənəviyyatını yaşaya bilər. Əsas məsələ insanın qəlbindəki ixlas və Allahla bağlılığıdır.”
Din xadiminin sözlərinə görə, qurbanın vacib hökmü Həcc ziyarətində olan və müəyyən şərtlərə sahib hacılara aiddir. Həccdə olmayan müsəlmanların qurban kəsməsi isə çox savab və bəyənilən bir əməldir. Təəssüf ki, bəzi insanlar bunu cəmiyyət təzyiqi səbəbilə özlərinə məcburiyyət kimi qəbul edirlər. Halbuki din ibadəti insan üçün mənəvi yüksəliş vasitəsi kimi təqdim edir, sosial yarış kimi yox.
Ən çox pozulan məsələlərdən biri heyvanın sağlamlığı və dini meyarlara uyğun olub-olmamasıdır.  “Qurbanlıq heyvan sağlam, ciddi eybi olmayan və uyğun yaş həddində olmalıdır. Bəzən insanlar ucuz olduğu üçün xəstə və ya qüsurlu heyvan seçirlər.
Digər mühüm məsələ heyvana münasibətdir. Təəssüf ki, bəzi hallarda heyvana kobud davranılır, ona əziyyət verilir. Halbuki qurban ibadəti mərhəmət və şəfqət dərsidir. Bundan başqa, niyyət məsələsi də önəmlidir. Qurban Allah rizası üçün olmalıdır, nümayiş və ya rəqabət üçün yox.”

Surxay Məmmədli vurğulayıb ki, Qurban bayramı insanın paylaşmağı, mərhəməti və fədakarlığı öyrəndiyi böyük mənəvi məktəbdir.

Избранный
15
Ajans.az

1Источники