17–22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində ölkə ictimaiyyətinin bu mötəbər beynəlxalq tədbir barədə məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı təşkil olunub.
Əməliyyat Şirkətindən Publika.az-a verilən məlumata görə, festival Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıt şəhərlərində keçirilib və Bakıda yekun tədbirlə başa çatıb. WUF13 şəhər festivalları ümumilikdə 9 şəhərdə 115 mindən çox insanı bir araya gətirib.
Festival proqramı iki əsas hissədən ibarət olub. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə fəaliyyət göstərən ali təhsil müəssisələrində WUF13 mövzusunda məlumatlandırma sessiyaları təşkil edilib. Sessiyalar çərçivəsində forumun məqsədləri, dayanıqlı şəhərsalma prinsipləri və Azərbaycanın urbanizasiya sahəsində prioritetləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Günün ikinci yarısında isə açıq havada ictimai proqramlar həyata keçirilib. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr təşkil olunub. Tədbirlərdə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ urban həllər və gələcəyin şəhərləri kimi aktual mövzular geniş auditoriyaya təqdim edilib.