RU

Virus infeksiyası yayılıb? Həkim izah etdi

Havalar düzəlib, əsl yaz günləridir.

Temperatur getdikcə yüksəlir. Di gəl ki son günlərdə əhali arasında xəstələnmə halları artıb. Halsızlıq, sümük ağrıları, iştahsızlıq, ürəkbulanma, qusma, ishal kimi hallarla müşayət olunan xəstəliyin hansı virus infeksiyası olduğu isə bilinmir. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov APA-ya açıqlamasında bildirib ki, bu vəziyyətə ən çox səbəb olan infeksiyalar Adenovirus, Norovirus və Rotavirus sayılır və bədəndə ciddi halsızlıq, əzələ ağrıları və həzm sistemi pozuntuları yaradır. Əhali arasında müşahidə olunan halsızlıq, küt ağrılar, ürəkbulanma və qusma kimi simptomlar çox vaxt kəskin qastroenterit və ya xalq arasında “mədə-bağırsaq qripi” kimi tanınan virus mənşəli infeksiyaların əlamətidir.

Həkim-terapevt Şahvələd Məmmədov “Doğru.az”a açıqlamasında qeyd etdi ki, hazırda əhali arasında rast gəlinən xəstəlik qastroenterit ola bilər, mövsümi respirator xəstəliklər də:

– Havaların kəskin dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Uzun müddət ölkə ərazisində yağmurlu, küləkli, soyuq havalar üstünlük təşkil etdi. Bir neçə gündür havanın temperaturu yüksəlib, yaz havasıdır. Orqanizm birdən-birə,kəskin temperature dəyişikliyinə uğradıqda bir müddət adaptasiya prosesi çətin olur. Bu vəziyyətdə orqanizmdə yorğunluq, süstlük hiss oluna bilər. Qış aylarından sonra orqanizmdə immunitet zəifliyi də baş verir. Belədə virus infeksiyalarına tab gətirmək də çətin olur. Xəstəlik üstün gəlir. Nazirliyin həkim-infeksionistinin dediyi kimi, həmçinin, mövsümi respirator virusların bəzi ştamları da abdominal simptomlarla müşayiət oluna bilir. İsti havalarda qidalarda, kənd təsərrüfatı məhsullarında bakteriyalar da artır. Bu da mədə-bağırsaq traktının pozulamsına gətirib çıxarır. Halsızlıq, iştahsızlıq, qusma, ürəkbulanması, ishal da ola bilər. Hətta qızdırma ilə müşayət olunur bəzən. Əlbəttə ki, infeksiyadan qorunmaq üçün gigiyena qaydalarına ciddi riayət edilməlidir. Küçədən evə gəldikdə əllər sabunla, ciddi şəkildə yuyulmalıdır. Bazardan alınan meyvə-tərəvəzlər bol su ilə yuyulmalı, ət və süd məhsullarının saxlanma şəraitinə diqqət edilməlidir. Xəstə şəxslərlə yaxın təmasdan və onların şəxsi əşyalarından istifadə etməmək lazımdır. Simptomlar başladıqda bədənin susuzlaşmaması üçün bol su, mineral sular və ya xüsusi elektrolit məhlullarından istifadə edilməlidir. Amma xəstəlik bir neçə gün savam edərsə, mütləq həkimə müraciət edib müayinə olunmaq, məsləhət görülən analizlərdən keçmək lazımdır.

Məlahət Rzayeva

DOĞRU.AZ 

Избранный
10
dogru.az

1Источники