RU

Trampın nümayəndə heyəti Pekinə şəxsi telefon və noutbuklarını aparmayıb

Fox News ABŞ nümayəndələrinin Çin xüsusi xidmət orqanlarının mümkün kibercasusluq fəaliyyətindən ehtiyatlandığını yazıb...

ABŞ prezidenti Donald Tramp administrasiyasının Pekinə səfər edən nümayəndə heyətinin üzvləri təhlükəsizlik səbəbilə şəxsi mobil telefon və noutbuklarını özləri ilə aparmayıblar.

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinin üzvləri Çin xüsusi xidmət orqanlarının elektron cihazlara müdaxilə edə və məlumatları ələ keçirə biləcəyindən narahat olublar. Bu səbəbdən səfər iştirakçılarına yalnız xüsusi təhlükəsizlik standartlarına uyğun hazırlanmış müvəqqəti cihazlardan istifadə etmək tövsiyə edilib.

Telekanal bildirib ki, ABŞ hökuməti uzun illərdir Çin kəşfiyyat strukturlarının xarici dövlət rəsmiləri, diplomatlar və biznes nümayəndələrinə qarşı kibercasusluq fəaliyyəti həyata keçirdiyini hesab edir. Vaşinqtonda təhlükəsizlik qurumları xüsusilə Pekinə edilən rəsmi səfərlər zamanı elektron cihazlardan istifadəyə dair ciddi qaydalar tətbiq edir.

Qeyd olunub ki, ABŞ rəsmiləri xarici ölkələrə, xüsusilə də Çin və Rusiya kimi strateji rəqiblərə səfərlər zamanı şəxsi elektron vasitələrin istifadəsini minimuma endirməyə çalışırlar. Təhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, belə tədbirlər məxfi məlumatların sızmasının və mümkün kiberhücumların qarşısını almaq üçün vacibdir.

Fox News-un məlumatında nümayəndə heyətinin hansı səviyyəli rəsmilərdən ibarət olduğu barədə əlavə detallara yer verilməyib.

Poliqon.info

Избранный
16
poliqon.info

1Источники