RU

Beyin hüceyrələri qorxulu xatirələrin silinməsinə necə kömək edir?

Kanadada aparılan yeni araşdırma göstərib ki, beyindəki immun hüceyrələri olan mikroqliya qorxulu xatirələrin zəifləməsində mühüm rol oynayır. 

“MedicalXpress” portalının məlumatına görə, tədqiqatın nəticələri Toronto Universiteti və “SickKids” Xəstəxanasının alimləri tərəfindən əldə olunub və “Nature Neuroscience” jurnalında dərc edilib.

Alimlər siçanlar üzərində apardıqları təcrübələrdə müəyyənləşdiriblər ki, mikroqliya hüceyrələri qorxu ilə əlaqəli neyronlarla əlaqə quraraq qorxulu xatirələrin zamanla zəifləməsinə kömək edir. Təcrübələr zamanı siçanlara əvvəlcə səs siqnalı ilə kiçik elektrik şoku arasında əlaqə öyrədilib. Sonra isə eyni səs təhlükə olmadan təkrar təqdim edilib və nəticədə qorxu reaksiyası tədricən azalıb. Araşdırma zamanı məlum olub ki, mikroqliya hüceyrələri qorxu yaddaşını daşıyan neyronlarla aktiv şəkildə qarşılıqlı əlaqəyə girir. Bu əlaqə pozulduqda isə qorxunun yox olması prosesi daha yavaş baş verir.

Tədqiqatın rəhbərlərindən Paul Frankland bildirib ki, qorxunun yox olması təkcə neyronlarla bağlı bir prosesi əks etdirmir, immun hüceyrələri də bu prosesdə mühüm rol oynayır. Onun sözlərinə görə, bu nəticələr narahatlığın aradan qaldırılması üçün yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.

Alimlər gələcəkdə mikroqliyanın yaddaşın formalaşması, saxlanması və yenilənməsi proseslərindəki rolunu daha dərindən araşdırmağı planlaşdırırlar.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
69
azerbaijan-news.az

1Источники