Bakı, 15 may, AZƏRTAC
Azərbaycanda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası ölkəmizin təkcə regional deyil, həm də qlobal səviyyədə artan nüfuzunu və müxtəlif mədəniyyətlər arasında körpü rolunu daha da genişləndirir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə də Qlobal Cənub ölkələrinin maraqlarının müdafiəsində aparıcı qüvvələrdən birinə çevrilmişdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.
O bildirib ki, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub arasında mühüm geosiyasi və geoiqtisadi körpü olmaqla yanaşı, fərqli siyasi qütblər arasında dialoq yarada bilən nadir dövlətlərdən biri kimi çıxış edir.
"Son illərdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan dəyişikliklər göstərir ki, dünya tədricən yeni siyasi düzənə doğru irəliləyir. Bu prosesdə Qlobal Cənub ölkələrinin rolu getdikcə artır. İnkişaf etməkdə olan dövlətlər artıq beynəlxalq münasibətlərin passiv iştirakçısı deyil, qlobal qərarvermə proseslərinə təsir edən əsas siyasi və iqtisadi aktorlardan birinə çevrilirlər. Asiya, Afrika və Latın Amerikası ölkələrinin iqtisadi potensialı, təbii resursları, demoqrafik üstünlükləri və strateji coğrafi mövqeyi onların beynəlxalq sistemdə çəkisini daha da artırır.
Bu baxımdan Bakıda keçirilən Qlobal Cənub Platforması beynəlxalq münasibətlərin ən aktual məsələlərinin müzakirə olunduğu mühüm siyasi platforma kimi diqqət çəkir",- deyə N.Aslanov vurğulayıb.
Deputat əlavə edib ki, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüququn qorunması və qlobal əməkdaşlığın gücləndirilməsi kimi məsələlər ətrafında aparılan müzakirələr inkişaf etməkdə olan ölkələrin vahid mövqedən çıxış etməsinin vacibliyini bir daha ortaya qoyur.
Platformada səsləndirilən əsas fikirlərdən biri də müasir dövrdə neokolonializm elementlərinin hələ də davam etməsi ilə bağlıdır. Klassik müstəmləkəçilik formal olaraq tarixə qovuşsa da, bəzi böyük güclərin siyasi təzyiq göstərmək, iqtisadi asılılıq yaratmaq, təbii sərvətlər üzərində nəzarəti saxlamaq və ikili standartlardan istifadə etmək cəhdləri müasir neokolonializmin əsas xüsusiyyətləri kimi qiymətləndirilir. Xüsusilə inkişaf etməkdə olan ölkələrin daxili işlərinə müdaxilə, onların resurslarından birtərəfli faydalanma və beynəlxalq hüququn selektiv tətbiqi bu sahədə ciddi narahatlıq doğuran məqamlardandır.
Azərbaycan isə bu məsələlərdə prinsipial mövqeyi ilə seçilərək beynəlxalq platformalarda daha ədalətli dünya nizamının formalaşdırılmasını dəstəkləyir. Ölkəmizin müasir müstəmləkəçilik meyillərinə qarşı çıxışı və dövlətlərin suveren hüquqlarının müdafiəsini ön plana çəkməsi Qlobal Cənub ölkələri ilə həmrəyliyin daha da güclənməsinə töhfə verir.
Ümumilikdə Qlobal Cənub Platforması inkişaf etməkdə olan ölkələrin beynəlxalq münasibətlər sistemində daha güclü mövqedən çıxış etməsinə, qarşılıqlı əməkdaşlığın genişlənməsinə və beynəlxalq hüquqa əsaslanan daha ədalətli dünya düzəninin formalaşdırılmasına xidmət edən mühüm təşəbbüsdür.