RU

Yol qəzasında həmkarının ölümündə günahlandırılan sürücü məhkəmə zalında həbs edildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Samir Sərkərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum edilib. Samir Sərkərov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub və və o, dərhal məhkəmə zalından həbs edilib.


İttihama görə, Samir Sərkərov 2024-cü ildə gecə saat 23:30 radələrində "Wrangler" markalı pikap avtomobili ilə Bakı-Quba avtomobil yolunun Quba şəhəri, Heydər Əliyev prospekti istiqamətindən keçən hissəsində “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı istiqamətində hərəkətdə olub.


İstintaq materiallarında qeyd olunub ki, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib. O, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq yaşayış məntəqəsində icazə verilən maksimal sürət həddini aşmaqla avtomobili təxminən 80-90 km/saat sürətlə idarə edib.


Hadisə zamanı qarşıda hərəkətdə olan “Hyundai I30” markalı avtomobil sola dönmək üçün dönmə işıq siqnalını yandıraraq yol ayrıcına daxil olub. Həmin avtomobili Teymur Quliyev idarə edib.


Samir Sərkərov yol şəraitini düzgün qiymətləndirməyib, qarşıdakı nəqliyyat vasitəsinin manevr etdiyini görməsinə baxmayaraq sürəti azaltmayıb və avtomobili tam dayanma həddinə qədər saxlamaq üçün zəruri tədbirlər görməyib. Nəticədə idarə etdiyi pikap avtomobili qarşıdakı “Hyundai I30” markalı minik avtomobili ilə toqquşub.


Toqquşma nəticəsində avtomobildə olan Teymur Quliyev ağır xəsarətlər alıb. Zərərçəkmiş şəxs dərhal tibbi müəssisəyə çatdırılsa da, aldığı xəsarətlərin ağırlığı səbəbindən həmin gün Qusar Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.


Cinayət işi üzrə aparılmış araşdırmalar zamanı hadisənin baş verməsi ilə təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqənin olduğu göstərilib.


İttihamda qeyd olunub ki, sürücünün hadisənin qarşısını almaq üçün texniki imkanı olsa da, o, tələb olunan ehtiyat tədbirlərini görməyib və cinayətkarcasına etinasızlıq nümayiş etdirib.


Bununla Samir Sərkərovun Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan — sərxoş halda nəqliyyat vasitəsini idarə etməklə ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulması əməlini törətdiyi bildirilib.


Məhkəmə baxışı zamanı o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Kamal Məmmədov 

Tarix: 15 May 2026, 09:22   
Избранный
28
49
pravda.az

10Источники