RU

 Bu şəxslərə 1000 manat mükafat veriləcək

2024-cü ildən həyata keçirilən və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına xidmət edən “Alimlərin maddi mükafatlandırılması layihəsi” 2026-cı ildə də davam etdiriləcək.


Bu barədə Manset.az-a Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, cari ildən layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq “Clarivate” şirkətinin mütəxəssisləri və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilib.

Yenilənmiş qaydalar Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiqlənib.

Təkmilləşdirilmiş mexanizmə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500-dək tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur.

Yeni qaydalara əsasən, mükafatlandırılacaq alimlərin sayı artırılıb, eyni zamanda qiymətləndirmə meyarları da genişləndirilib. Belə ki, “Web of Science Core Collection” bazasında indekslənən Q1 və Q2 kateqoriyalı jurnallarla yanaşı, artıq Q3 və Q4 kateqoriyalı jurnallarda dərc olunan elmi məqalələr də qiymətləndirməyə daxil ediləcək.

Bundan əlavə, elmi nəticələrin real sektora transferini təşviq etmək məqsədilə ilk dəfə olaraq patent və faydalı modellər də hesablama mexanizminə bonus bal kimi əlavə olunub.

Müqayisə üçün qeyd edək ki, layihənin ilk ilində 150-dək, 2025-ci ildə isə 300-dək alim maddi mükafatlandırmadan yararlanıb.

Təkmilləşdirilmiş qaydaların tətbiqinə 2026-cı ilin may ayından başlanılacaq.

Layihənin əsas məqsədi elmi fəaliyyətin nəticəyönümlülüyünü artırmaq, tədqiqatçıların beynəlxalq elmi bazalarda fəallığını təşviq etmək və əldə olunan elmi nəticələrin praktik tətbiqinə dəstək verməkdir.

Избранный
22
49
manset.az

10Источники