ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniya hakimiyyəti mərhum azərbaycanlı kriminal avtoritet, "Lotu Quli" ləqəbli Nadir Səlifovun qardaşı Namiq Səlifova qarşı sanksiyalar tətbiq edib. Rəsmi London onu İran hökumətinin maraqları naminə hücumlar planlaşdırmaqda ittiham edir.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, Namiq Səlifov mayın 11-də Böyük Britaniyanın xarici işlər naziri Yvette Kuper tərəfindən elan edilən sanksiya paketinə daxil edilən şəxslərdən biri olub.
Cümə axşamı "Foreign, Commonwealth and Development Office" sanksiya siyahısını yeniləyərək Səlifovun doğum tarixi də daxil olmaqla, əlavə şəxsi məlumatlarını açıqlayıb. Jurnalistlər açıq mənbələr vasitəsilə onun şəxsiyyətini təsdiqləyiblər.
Ayrı bir bildirişdə "Foreign, Commonwealth and Development Office" Səlifovu İran hökumətinin maraqları naminə "düşmən fəaliyyətində" iştirak etməkdə, o cümlədən "Böyük Britaniyada, yaxud digər ölkələrdə şəxslərə, eləcə də obyektlərə qarşı hücumları planlaşdırmaq və həyata keçirməkdə" ittiham edib.
Böyük Britaniya hakimiyyəti irəli sürülən ittihamlarla bağlı konkret sübut təqdim etməyib.
Digər tərəfdən, ABŞ hökuməti əvvəllər Səlifovu "qanuni oğru" və rus mafiyasının yüksək səviyyəli nümayəndələrindən biri hesab edib. Bir sıra məhkəmə sənədlərində prokurorlar onun İran rejimini tənqid edən şəxsin Nyu York küçələrində öldürülməsi planında iştirak etdiklərinə görə məhkum olunan iki şəxslə həm əlaqədə, həm də rəqabətdə olduğunu iddia ediblər.
Xatırladaq ki, ötən ilin oktyabrında ABŞ məhkəməsi Polad Ömərov və Rafət Əmirovu iranəsilli amerikalı jurnalist və fəal Masih Əlinejada qarşı uğursuz sui-qəsd planına görə 25 il həbs cəzasına məhkum edib. Hər iki şəxs mərhum Nadir Səlifovun yaratdığı mafiyanın Azərbaycan qrupunun yüksək səviyyəli üzvləri hesab olunurdu. İttihama görə, bu qruplaşma "ABŞ-da və xaricdə qətllər, hücumlar, hədə-qorxu, adam oğurluğu, soyğunçuluq və yandırma cinayətlərinə" görə məsuliyyət daşıyıb. Amerikalı prokurorların məlumatına əsasən, sui-qəsd planı İran İnqilab Keşikçiləri Korpusunun rəhbər şəxsləri tərəfindən hazırlanıb və Əlinejadın öldürülməsi üçün 500 min dollar təklif olunub. Namiq Səlifova bu sui-qəsd planı ilə bağlı rəsmi ittiham irəli sürülməsə də, ABŞ prokurorları Ömərovun saxlanıldığı vaxt onunla Səlifov arasında ciddi "hakimiyyət savaşı" getdiyini iddia ediblər.
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.