RU

Pekin Tayvanın müstəqilliyini niyə təhlükə sayır? ŞƏRH

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Tayvan məsələsi ABŞ və Çin arasında gərginliyin ən mühüm faktorlarından biri olub və uzun müddət də belə qalacaq. Çin Tayvanı ayrıca dövlət kimi tanımır və onu öz ərazisinin tərkib hissəsi hesab edir. ABŞ isə “bir Çin siyasəti”ni formal şəkildə qəbul etsə də, praktikada Tayvanla sıx siyasi və hərbi əməkdaşlıq həyata keçirir və bu  onun təhlükəsizliyini açıq şəkildə dəstəkləyir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev səsləndirdi.

Onun sözlərinə görə, hazırda Tayvan ətrafında hərbiləşmə prosesi davam edir.

"ABŞ-nin Tayvana silah satışını genişləndirməsi, hərbi əməkdaşlığı artırması və regionda hərbi mövcudluğunu gücləndirməsi Pekin tərəfindən ciddi narahatlıqla qarşılanır. Vaşinqton isə bunu Hind-Sakit okean strategiyasının mühüm hissəsi kimi qiymətləndirir və Tayvanın müdafiə qabiliyyətinin artırılmasını vacib hesab edir. Bu baxımdan Tayvan məsələsi ABŞ və Çin arasında geosiyasi qarşıdurmanın əsas istiqamətlərindən biri olaraq qalır. Hesab edirəm ki, Çin indiyə qədər bu məsələdə daha çox təmkinli və strateji səbir nümayiş etdirməyə çalışıb. Pekin anlayır ki, Tayvan probleminin hərbi yolla həllinə cəhd regionda böyük eskalasiyaya səbəb ola bilər. Xüsusilə də Rusiya–Ukrayna müharibəsinin yaratdığı nəticələr Çinə göstərdi ki, uzunmüddətli hərbi qarşıdurmalar iqtisadi və siyasi baxımdan çox ciddi risklər yaradır".

Siyasətçinin fikrincə, ABŞ-nin Tayvana artan hərbi və siyasi dəstəyi Çinin narahatlığını artırır.

"Pekin Vaşinqtonun Tayvanı Çin əleyhinə strateji alətə çevirməsini istəmir və Tayvanın müstəqilliyi istiqamətində atılacaq addımları öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qəbul edir. Donald Tramp kimi daha sərt və gözlənilməz siyasətçilərin mümkün addımları da Çin tərəfindən diqqətlə izlənilir. Pekin hesab edir ki, Vaşinqtonun Tayvan məsələsində daha radikal xəttə keçməsi regionda vəziyyəti daha da gərginləşdirə bilər. Buna görə də Çin ABŞ-ni bu istiqamətdə çəkindirməyə çalışır.

Bununla belə, düşünürəm ki, Tayvan məsələsində Çin prinsipial mövqeyindən geri çəkilməyəcək. Eyni zamanda ABŞ də Tayvanın təhlükəsizliyi və hərbi imkanlarının gücləndirilməsi istiqamətində addımlar atmağa davam edəcək. Nəticə etibarilə Tayvan problemi yaxın və orta perspektivdə ABŞ-Çin münasibətlərində əsas gərginlik mənbələrindən biri olaraq qalacaq", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
55
1
redaktor.az

2Источники