RU

Manuel Noyer və Sven Ulrayx daha bir il “Bayern”də! – ARENA.AZ

Futbol üzrə Almaniya çempionu “Bayern” qapıçıları Manuel Noyer və Sven Ulrayxla müqavilələrin müddətini uzatmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Hər iki qapıçının klubla əvvəlki müqaviləsinin müddəti bu yay bitəcəkdi. Amma “Bayern” onların daha bir mövsüm – 2027-ci ilin 30 iyununadək komandada qalmasına qərar verib.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 36 oyuna çıxıb, 39 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 597 oyun, 498 buraxılmış qol və 269 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 13 dəfə Almaniya çempionu, 6 dəfə Almaniya kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FİFA Klub Dünya Kubokunun qalibi olub.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 40 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Sven Ulrayx isə “Bayern”ə 2015-ci ildə “Ştutqart”dan gəlib. Daha sonra, 2020-ci ildə münhenlilər Ulrayxı “Hamburq”a transfer ediblər. 2021-ci ildə isə Ulrayx azad agent qismində “Bayern”ə qayıdıb.

Ulrayx cari mövsümdə “Bayern”in heyətində cəmi 1 oyuna çıxıb, 1 qol buraxıb. Ulrayxın Almaniya nəhənginin heyətində ümumi statistikası isə belədir: 104 oyun, 118 buraxılmış qol, 34 “quru” oyun.

Ulrayx “Bayern”lə 10 dəfə Bundesliqanın, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.

Ulrayx Almaniya yığmasına dəvət alsa da, debüt imkanı almayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
46
4
arena.az

10Источники