Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkədə ictimai-siyasi mühit daha da gərginləşir. Hakimiyyətlə müxalifət arasında qarşıdurma kəskinləşir, seçki kampaniyası isə artıq təkcə siyasi debat deyil, həm də qarşılıqlı ittihamlar, revanş çağırışları və cəmiyyətin radikallaşdırılması mərhələsinə keçib. Xüsusilə 44 günlük müharibə mövzusu yenidən Ermənistan daxili siyasətinin əsas silahına çevrilib.
Musavat.com xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 44 günlük müharibədə həlak olanların sayı ilə bağlı Nikol Paşinyanın müxalifəti ittiham etməsinə sərt cavab verib.
Paşinyanın əsas siyasi rəqibi hesab olunan Köçəryan hazırda öz ətrafında Rusiya yönümlü siyasi qüvvələri, revanşist dairələri, iri oliqarxları və erməni kilsəsinə yaxın çevrələri birləşdirməyə çalışır. Seçki kampaniyasının əsas xətti isə məhz Paşinyanın 2020-ci il müharibəsindəki məğlubiyyətinə və onun nəticələrinə yönəlib. Köçəryan düşərgəsi hesab edir ki, Paşinyanın ən zəif nöqtəsi Qarabağ müharibəsi və həmin dövrdə verilən itkilərlə bağlı cəmiyyət qarşısında cavabsız qalan suallardır.
Vedidə seçicilərlə görüş zamanı çıxış edən Robert Köçəryan hakimiyyətdən müharibədə ölənlərin tam siyahısını açıqlamağı tələb edib və Paşinyanı real rəqəmləri gizlətməkdə ittiham edib.
“Bu gəncləri döyüşə göndərəndə siyahılar var idi, yoxsa yox? İnsanların ad və soyadları var idi, yoxsa yox? Tabutlar nömrələnmişdi. Ona görə də deyirik: bu insanların qəhrəmanlığına hörmət edin, onların adlarını dərc edin, xatirə kitabı hazırlayın. Əgər say məsələsində səhv etmişiksə, üzr istəyəcəyik. Öz qəhrəmanlarını hörmətlə yad etməyən xalqın gələcəkdə qəhrəmanı olmaz”, - deyə Köçəryan bildirib.
Onun açıqlamalarından belə görünür ki, Ermənistan müxalifəti Paşinyan hakimiyyətini müharibədə ölən erməni hərbçilərinin sayını azaltmaqda və real statistikanı gizlətməkdə ittiham edir. Bu məsələ seçki kampaniyasının ən emosional və təhlükəli mövzularından birinə çevrilib.

Bundan əvvəl Nikol Paşinyan İrəvanda keçirdiyi təşviqat görüşündə 44 günlük müharibədə təxminən 5 min nəfərin öldüyünü deyən bir vətəndaşa sərt reaksiya vermişdi. Paşinyanın həmin çıxışı sosial şəbəkələrdə və Ermənistan mediasında geniş rezonans doğurmuşdu. Müxalifət bunu hakimiyyətin itkilərlə bağlı həqiqətləri gizlətməyə çalışmasının göstəricisi kimi təqdim edir.
Ermənistan hakimiyyətinin açıqladığı rəsmi rəqəmlərə görə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədə ümumilikdə 3833 nəfər həlak olub. Onlardan 78-i mülki şəxs, 3755-i isə hərbçi olub.
Lakin seçki mübarizəsi dərinləşdikcə bu statistika ətrafındakı mübahisələr də daha sərt xarakter almağa başlayıb. Ermənistanda artıq təkcə hakimiyyətlə müxalifət arasında deyil, cəmiyyət daxilində də parçalanmanın gücləndiyi müşahidə olunur. Müharibə travması, Qarabağ məğlubiyyəti, revanşist çağırışlar və xarici geosiyasi mərkəzlərin təsiri fonunda seçki kampaniyası getdikcə daha aqressiv və qarşıdurmalı xarakter alır.
Musavat.com-a görə, qarşıdakı günlərdə Paşinyan-Köçəryan xətti üzrə ittihamların daha da sərtləşməsi mümkündür. Xüsusilə Rusiya yönümlü dairələrin Paşinyanı “Qarabağı itirən lider” obrazı üzərindən vurmağa çalışdığı, hakimiyyətin isə öz növbəsində keçmiş hakimiyyətləri illərlə Ermənistanı müharibəyə sürükləməkdə suçladığı görünür.
Beləliklə, 7 iyun seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi mübarizə adi seçki kampaniyasından çıxaraq, artıq ölkənin gələcək siyasi kursu, Qarabağ məğlubiyyətinin məsuliyyəti və Ermənistanın geosiyasi istiqaməti uğrunda açıq qarşıdurmaya çevrilir.
Musavat.com