İspaniyanın “Barselona” klubunun polşalı mərkəz hücumçusu Robert Levandovski bu ilin yayında Kataloniya təmsilçisindən ayrılacaq.
Arena.az xəbər verir ki, 37 yaşlı polyak ulduz bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Təcrübəli forvard vida paylaşımında bunları qeyd edib:
“Çətinliklər və zəhmətlə dolu 4 ildən sonra yeni bir yolda irəliləməyin vaxtıdır. Missiyamı yerinə yetirmiş kimi hiss edərək ayrılıram. Dörd mövsüm, 3 liqa titulu. İlk günlərdən azarkeşlərdən aldığım sevgini heç vaxt unutmayacağam. Kataloniya mənim evimdir. Bu 4 gözəl il ərzində tanış olduğum hər kəsə təşəkkür edirəm. Karyeramın ən inanılmaz fəslini yaşamaq imkanı verdiyi üçün “Barselona”nın prezidenti Joan Laportaya minnətdaram. “Barselona” yenidən öz yerinə qayıtdı”.
Xatırladaq ki, Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 44 oyuna çıxıb, 18 qol vurub, 4 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 191 oyun, 119 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
O, “Barsa” ilə 3 dəfə İspaniya çempionu olub, eyni sayda İspaniya Super Kubokunu, 1 dəfə İspaniya Kubokunu qazanıb.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 165 oyun keçirib, 89 qol vurub, 38 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
