RU

WUF13 Azərbaycanın beynəlxalq çəkisini necə artıracaq?

Prezidenti İlham Əliyev ilə mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax arasında keçirilən görüş göstərdi ki, söhbət sadəcə növbəti beynəlxalq forumun təşkilindən getmir. Bakıda keçirilən WUF13 ətrafında daha ciddi bir siyasi və strateji xətt formalaşır.

Azərbaycan yenidən özünü yalnız böyük tədbirə ev sahibliyi edən ölkə kimi deyil, həm də idarəetmə, quruculuq və bərpa modeli təqdim edən dövlət kimi göstərməyə çalışır.


Burada əsas diqqət Azərbaycanın şəhərsalma təcrübəsinə yönəlib. Xüsusilə də işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinə. Şəhərlərin, kəndlərin, yolların, infrastrukturun və sosial mühitin sürətlə bərpası Bakı üçün sadəcə daxili tikinti layihəsi deyil. Bu, artıq beynəlxalq və siyasi “case”ə çevrilib. Azərbaycan nümayiş etdirir ki, müharibədən sonra yalnız əraziyə nəzarəti bərpa etmək deyil, dağıdılmış məkanları qısa müddətdə inkişaf zonasına çevirmək də mümkündür.

Məhz buna görə də BMT-Habitatın bu təcrübəyə marağı tamamilə başadüşüləndir. Dünyada dağıdılmış şəhərlərin, postmünaqişə zonalarının, köçürülmə problemlərinin və infrastruktur böhranlarının yaşandığı çoxlu regionlar var. Azərbaycan bu mənada sadəcə bəyanatlar vermir, praktik nümunə ortaya qoyur. Qarabağ və Şərqi Zəngəzurda görülən işlər artıq ölkənin ayrıca şəhərsalma brendinə çevrilir.

Diqqət çəkən başqa bir məqam isə Bakının ilk dəfə qlobal tədbir keçirməməsidir. COP29-dan sonra WUF13-ün keçirilməsi eyni strateji xəttin davamı kimi görünür. Azərbaycan faktiki olaraq iqlim gündəliyini, şəhər inkişafını, postmüharibə bərpasını və beynəlxalq əməkdaşlığı vahid platformada birləşdirməyə çalışır. Bu artıq birdəfəlik tədbirlər silsiləsi deyil, Bakının gələcəyin müzakirə olunduğu mərkəzlərdən biri kimi mövqeləndirilməsi cəhdidir.

Xüsusi diqqət çəkən məsələlərdən biri də “WUF13 Bakı standartları” ideyasıdır. Bu, adi təşkilati ifadədən daha böyük məna daşıyır. Azərbaycan öz təcrübəsinin gələcək forumlara ev sahibliyi edəcək ölkələr üçün nümunəyə çevrilməsini istəyir. Yəni Bakı tədbiri keçirib səhifəni bağlamağı deyil, sonradan tətbiq oluna biləcək işlək model formalaşdırmağı hədəfləyir.

Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-Habitat arasında imzalanan niyyət məktubu da məhz bu yanaşmanı göstərir. Azərbaycan təcrübəsi təkcə uğurlu forum hazırlığı kimi deyil, institusional idarəetmə modeli kimi təqdim olunur. Sadə dillə desək, Bakı yalnız məkan yox, həm də koordinasiya, qərarvermə və iri beynəlxalq tədbirlərin idarə olunması üçün hazır sistem təklif edir.

Əsas siyasi məna da məhz burada ortaya çıxır. Azərbaycan tədricən regional oyunçu çərçivəsindən çıxmağa çalışır. Ölkə göstərir ki, dünya səviyyəli tədbirlər keçirmək, idarəetmə həlləri təqdim etmək və urbanizasiya, postmünaqişə bərpası, dayanıqlı inkişaf və beynəlxalq koordinasiya kimi sahələrdə gündəm formalaşdırmaq potensialına malikdir.

Bu baxımdan WUF13 Bakı üçün sadəcə forum deyil. Bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni mərhələyə keçdiyini nümayiş etdirmək üçün daha bir imkandır. Artıq əsas alətlər hərbi güc deyil, quruculuq, təşkilatlanma, diplomatiya və beynəlxalq nüfuzdur.

Şahanə Rəhimli
Musavat.com

Избранный
4
23
musavat.com

10Источники