RU

Azərbaycanda İctimai Yayım və Avropa dəyərləri: Daha geniş missiya və institusional yanaşma

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çox hörmətli həmkarım Parviz Hashimli yazıb:

“İTV rəhbərliyinə namizədlərdən biri niyə çıxıb demədi ki, bu kanal Avropa Şurasına üzvlük çərçivəsində yaradılıb və əsas prioriteti Avropa dəyərlərini, insan haqlarını təşviq etmək olacaq?”

Pərviz Həşimli təcrübəli jurnalist, fəal vətəndaş və mənim fikrimcə, tanınmış ictimai xadimdir. Odur ki, onun bu iradına İTV baş direktorluğuna namizəd olaraq öz münasibətimi bildirmək istəyirəm.

Azərbaycan yeni müstəqil dövlət sayılır. Dövlətimiz Avro-Atlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir parçasıdır. Qərb və Şərqin qovuşduğu coğrafi məkanda yerləşən respublikamız bir çox sivilizasiyaların müsbət məqamlarını özündə cəmləyib. Bu da onu şərtləndirir ki, biz cəmiyyət olaraq həm Avropanın mütərəqqi dəyərlərini paylaşaq, həm də islam dünyasının bir hissəsi kimi Şərq mədəniyyətin irs və təfəkkürünü bölüşək. Bunlar mənim şəxsi düşüncələrim deyil, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında əks olunan müddəalardır.

“İctimai Televiziya və radio haqqında” qanunun ilk maddəsinə görə, İctimai yayım xidməti “müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, tarazlaşdırılmış informasiyalar” hazırlamalıdır.

Avropa Yayımçılar Birliyi tərəfindən qəbul olunan və bizim də qoşulduğumuz “İctimai yayım mediasının əsas dəyərləri haqqında” Bəyannamədəki “Müxtəliflik” prinsipinə əsasən Azərbaycanda İctimai yayım öz üzərinə belə bir öhdəlik götürüb:

“Bizim auditoriyamız müxtəlif maraq qruplarından ibarətdir: fərqli nəsillərdən, mədəniyyətlərdən, dinlərdən olan insanlar, həm çoxluqlar, həm də azlıqlar. Buna görə də yayımladığımız janrlarda, ifadə etdiyimiz baxışlarda və bizimlə çalışan insanlarda müxtəliflik və plüralizm prinsipinə sadiq qalırıq. Müxtəlif keçmişlərə, hekayələrə və sosial təcrübələrə malik insanların fərqli baxışlarının səslənməsini dəstəkləyirik. Birgə mövcud olan müxtəlifliklərin yaradıcı zənginlik doğurduğunu anlayaraq, daha inklüziv və daha az parçalanmış cəmiyyətin qurulmasına töhfə vermək istəyirik.”

Bu cür arqumentləri çoxaltmaq da olar. Lakin istinad etdiyim iki məqam göstərir ki, vaxtilə Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində yaradılmış olsa belə, Azərbaycanda ictimai yayım xidmətinin məxsusi və ya əsas istiqamət olaraq “Avropa dəyərlərini təbliğ etmək” kimi bir öhdəliyi yoxdur. Belə bir yayım siyasəti hətta kökündən yanlış olar. Ona görə yanlış olar ki, bu yanaşma ictimai yayım anlayışını həddindən artıq dar çərçivəyə salır. İctimai televiziya və radio hansısa geosiyasi dəyərlər paketinin tribunasına çevrilmək üçün yox, cəmiyyətin bütün təbəqələrinin səsini əks etdirmək üçün mövcuddur. Bununla bağlı da mən öz çıxışlarımda dəfələrlə mövqe bildirmişəm ki, baş direktor olacağım təqdirdə, İctimai yayım xidməti həm qanunlara, həm də ictimai yayım konsepsiyasına tam əməl edəcək.

İnsan haqlarının təşviqinə gəlincə, bu da ictimai yayım xidməti üçün ayrıca və çərçivələnmiş sahə deyil. İctimai yayımın BÜTÜN FƏLSƏFƏSİ və KOMPLEKS YAYIM MƏQSƏDİ insan ləyaqətinin və hüquqlarının qorunmasına yönəlib. Hər kəsin azadlığını, təhlükəsizliyini, firavanlığını və ədalətli bir cəmiyyətdə yaşamasını təmin etmək Azərbaycan Respublikasının quruluş fəlsəfəsi və Konstitusiya öhdəliyidir. Məsələn, söz və fikir azadlığına təminat vermək Konstitusiyanın 47-ci maddəsində dövlətin, “İctimai Televiziya və radio haqqında” qanunda isə, İctimai yayımın öz fəaliyyətində əsas vəzifəsidir. İctimai yayımın bütün universal demokratik dəyərlərin əksini tapdığı Konstitusiyamızın müddəalarına, qanunların tələblərinə və mükəmməllik prioritetinə tam əməl edəcəyini isə mən bu prosesə qatıldığım ilk gündən demişəm.

Söz açılmışkən bunu da deyim: Mənim baş direktoru olacağım İctimai teleradio hər hansı geopolitik mərkəzə deyil, Azərbaycan cəmiyyətinə xidmət edəcək. Azərbaycanlılara xidmət və xitab edəcək İctimai teleradionun heç bir xarici etiket daşımasına, o cümlədən fəaliyyətimiz üzərindən ölkəmizin beynəlxalq təşkilatların təzyiqinə məruz qalmasına imkan verməyəcəm.

Çox təəssüflər olsun ki, son səkkiz ildə Azərbaycanda ictimai yayımçının fəaliyyəti ilə bağlı çox sayda beynəlxalq təşkilat ölkəmizə qarşı xeyli neqativ rəylər verib. Bu rəylərə ciddi yanaşmaq və “avtomatik” rədd etmək lazım deyil. Nəhayət etiraf olunmalıdır ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın ictimai yayım xidməti ilə bağlı əks olunan neqativ faktların meydana çıxması dövlətin və hakimiyyətin günahı yox, birbaşa İctimai yayım xidməti rəhbərinin məsuliyyət məsələsidir. Ölkəmizin ictimai yayım xidməti ilə bağlı beynəlxalq iradlara əsas verməyəcəyimdən,- bu işdə Avropa təşkilatları ilə yaxşı əlaqələri olan Pərviz Həşimli kimi dostlarımızın rəylərini də nəzərə alaraq- Azərbaycanın mətbuat azadlığı ilə bağlı indekslərdə yuxarıya kəskin yüksəlişini ilk hesabat ilindən başlayaraq hər kəs görəcək.

Sözümün sonunda dəyərli həmkarıma öz rəyini bildirdiyi üçün bir daha təşəkkür edirəm. Yenidən xatırladıram ki, mənim heç bir tənqiddən çəkinəcəyim yoxdur. Tam əksinə, ictimai yayımla bağlı bütün rəyləri qiymətli hesab edirəm və konstruktiv şəraitdə müzakirə etməyə həmişə hazıram.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
45
icma.az

1Источники