RU

Mirzozoda Nizam: Tacikistan tikinti sahəsinin rəqəmsallaşdırılmasına üstünlük verir

Tacikistan tikinti sahəsinin rəqəmsallaşdırılmasına, dayanıqlı inkişafa və şəhər mühitinin keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirərək Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini davam etdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Tacikistanın Memarlıq və Tikinti Komitəsinin sədri Mirzozoda Nizam Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, ölkə hakimiyyəti Yeni Şəhər Gündəliyinə şəhərsalma sahəsində müasir dövlət siyasətinin formalaşdırılmasının əsas alətlərindən biri kimi baxır.

Tacikistanlı nümayəndə qeyd edib ki, müstəqillik illərində ölkənin tikinti sahəsində irimiqyaslı mənzil tikintisi və infrastrukturun inkişafı ilə müşayiət olunan əhəmiyyətli dəyişikliklər baş verib: "Tacikistan Prezidenti Emoməli Rəhmonun siyasəti sayəsində ölkədə milli inkişafın simvollarına çevrilən irimiqyaslı dəyişikliklər həyata keçirilib".

Əsas nailiyyətlər sırasında M.Nizom müstəqillik illərində 300 milyon kvadratmetrdən çox yaşayış sahəsinin tikintisini xüsusi qeyd edib.

O həmçinin bildirib ki, Tacikistanda 65 şəhər və rayonun baş planlarının hazırlanması başa çatıb. Sədrin sözlərinə görə, tikinti sahəsinin rəqəmsal modernləşdirilməsinə və müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir: "Rəqəmsal transformasiya və müasir texnologiyaların tətbiqi dövlət siyasətinin prioritetləridir".

Sonda M.Nizom bildirib ki, respublika beynəlxalq tərəfdaşlar və müvafiq təşkilatlarla sıx əməkdaşlıq şəraitində Yeni Şəhər Gündəliyinin müddəalarının həyata keçirilməsini ardıcıl olaraq davam etdirmək niyyətindədir.

Избранный
39
far.az

1Источники