Yerli idarəetmə kimi ortaq hədəfimiz insanyönümlülüyün əsas götürüldüyü, fəlakətlərə davamlı, sosial ədaləti gücləndirən və hər kəsin yaşaya biləcəyi şəhərlərin salınması olmalıdır.
"Report" xəbər verir ki, bunu Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və regional hökumətlərin ümumdünya Assambleyasında deyib.
O, bu məsələlərlə bağlı çoxsaylı nüansların olduğunu vurğulayıb:
"Birincisi, mənzil hüququ üçün ortaq şəhər və urbanizasiya siyasəti hazırlamaq, ikincisi, iqlim əsaslı şəhərlər üçün əməkdaşlıq şəraitində olmaq, üçüncüsü, sosial ədaləti və imkan bərabərliyini gücləndirən yerli idarəetmə anlayışını yaymaq, dördüncüsü isə fəlakətlərə qarşı dayanıqlı və davamlı şəhərlər inşa etmək əsas vəzifə olmalıdır".
Bələdiyyə sədri qeyd edib ki, ədalətli dünya və şəhərlərin qurulması yalnız ortaq ideya və həmrəylik sayəsində mümkündür.
A.M.Genç çıxışının sonunda tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycana təşəkkür edib.