RU

Qızlarını xilas etmək istəyən ata Ağdama tək çatmışdı – Elnarədən isə xəbər olmadı

Birinci Qarabağ müharibəsi Azərbaycan xalqının yaddaşında dərin izlər buraxdı. Minlərlə insan həyatını itirdi, yüzlərlə ailə doğmalarından ayrı düşdü, minlərlə azərbaycanlı isə itkin düşdü. Aradan illər keçsə də, həmin insanların taleyi barədə hələ də xəbər yoxdur. O itkinlərdən biri də Xocalı sakini Aslanova Elnarə Tofiq qızıdır.

1978-ci ildə Xocalıda anadan olan Elnarə 1992-ci il fevralın 26-da, Xocalı soyqırımı zamanı cəmi 14 yaşında itkin düşüb. Həmin gecədən sonra ondan bir daha xəbər alınmayıb.

Elnarədən ailəsinə yalnız qardaşına yazdığı kiçik bir məktub yadigar qalıb. Hərbi xidmətdə olan qardaşına ünvanlanan həmin məktubu anası Mariya xala illərdir böyük həssaslıqla qoruyur. Ana deyir ki, qızının qoxusunu həmin məktubdan alır:

“Balamdan mənə bircə bu məktub qalıb. Hər dəfə ona baxanda elə bilirəm Elnarə yanımdadır”.

Yaxınlarının sözlərinə görə, Elnarə məktəbdə nümunəvi şagird olub, vətənpərvərliyi və həssas qəlbi ilə seçilib. O, 1991-ci ildə Xocalı məktəbində keçirilən 20 Yanvar tədbirində şəhid Larisa Məmmədovaya həsr olunan şeiri böyük duyğularla səsləndirmişdi. Müəllimləri və sinif yoldaşları onu sakit, mehriban və həssas bir qız kimi xatırlayırlar.

Xocalı faciəsi gecəsi ailənin həyatı alt-üst olur. Güclü atəş səsləri və hücum zamanı ata Tofiq Aslanov qızları Sevinc və Elnarəni xilas etmək üçün meşəyə tərəf qaçır. Lakin qarışıqlıq və intensiv atışma zamanı ailə bir-birindən ayrı düşür. Ata uzun və çətin yoldan sonra təkbaşına Ağdama çata bilir. Elnarədən isə həmin gündən sonra heç bir xəbər olmur.

İllər keçsə də, Mariya xalanın övlad həsrəti bitmir. Ana üçün zaman dayanıb. Elnarənin ən çox sevdiyi güllərdən olan bənövşələr hər yaz açanda onun yarası yenidən qanayır. O, hələ də bir gün qızından xəbər gələcəyinə ümid edir.

Xocalı soyqırımı təkcə bir gecənin faciəsi deyil, həm də illərlə davam edən insan ağrısıdır. Elnarə kimi taleyi naməlum qalan yüzlərlə insanın hekayəsi isə bu ağrının hələ də bitmədiyini göstərir.

Şahanə Rəhimli
Musavat.com

Избранный
30
musavat.com

1Источники