RU

Yaponiya Sakit okeanda müşahidəni gücləndirir

BAKI, 18 may. TELEQRAF

Yaponiya hökuməti Sakit okean bölgəsində müşahidə imkanlarını artırmaq üçün radar sistemləri ilə təchiz olunmuş pilotsuz uçuş aparatlarını silahlanmaya qəbul etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Məlumata görə, erkən aşkarlama və xəbərdarlıq radarları ABŞ istehsalı olan MQ-9B Sea Guardian pilotsuz aparatlarına quraşdırılacaq.

Yaponiya həmin dronları 2027-ci ilədək dəniz özünümüdafiə qüvvələrinin arsenalına daxil etməyi nəzərdə tutur.

Bildirilir ki, MQ-9B Sea Guardian uzun müddət havada qala bilir və təxminən 4 900 kilometr uçuş radiusuna malikdir.

Pilotsuz aparatların İvodzima və Minamitori adalarında yerləşdirilməsi planlaşdırılır.

Bundan başqa, Oqasavara arxipelaqına daxil olan İvodzima və Titidzima adalarında mobil radioaşkarlama radar komplekslərinin qurulacağı qeyd olunub.

Qəzet yazır ki, Yaponiya bölgədə Çinin artan fəallığı fonunda Sakit okeanda müşahidə imkanlarını gücləndirməyə çalışır.

Bu dəyişikliklərin ilin sonunadək yenilənməsi planlaşdırılan milli təhlükəsizlik sənədlərində əksini tapacağı bildirilir.

Избранный
97
teleqraf.com

1Источники