
ABŞ Prezidenti Donald Tramp həftəsonu özünün milli təhlükəsizlik komandası ilə Vaşinqtonun İrana qarşı növbəti mümkün addımlarını müzakirə etmək üçün xüsusi iclas keçirib.
AFN.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, şənbə günü Amerika liderinin Virciniya ştatındakı qolf klubunda baş tutan məxfi toplantıda vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff və Ağ Ev rəhbərinin xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak ediblər.
Mənbələr Ağ Ev rəhbərinin həftə ərzində milli təhlükəsizlik rəsmiləri ilə daha bir təkrar görüş keçirəcəyini gözləyirlər.
Telekanalın hərbi dairələrdən əldə etdiyi məlumata görə, Pentaqon artıq Trampın İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək qərarı verəcəyi təqdirdə tətbiq olunacaq bir neçə müxtəlif zərbə planı hazırlayıb. CNN qeyd edir ki, potensial hədəflər siyahısına xüsusilə İranın mühüm energetika və infrastruktur obyektləri daxil edilib.