futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Debütant iddialı olanda” – növbəti müsahibimlə söhbətin məzmununu belə ifadə edərdim.
“İmişli” Premyer Liqaya yüksələndə haqqında müsbət rəylər az idi. Ancaq elitada qalmağı bacardı. Lakin gələcəklə bağlı qayğılar az deyil.
Klubun prezidenti Kamran Eyyubovla bu və başqa mövzulara toxunduq.
“Debüt ilində Premyer Liqada yerini qorumaq da uğurdur”
– Premyer Liqada debütant kimi haqqınızda o qədər də xoşagələn fikirlər səslənmirdi. Ancaq mövsümə azarkeşləri təəccübləndirməklə başlamışdınız. Yaxşı nəticələriniz, oyunlarınız oldu. Yekunda sizdən təcrübəli klublar aşağı sırada yer tutdu. Bitmək üzrə olan debüt mövsümünün panoramına ümumi nəzər salardınız.
– Müsahibə üçün təşəkkür edirəm. Sizin sayt uzun müddət Azərbaycan futbolunda fəaliyyətdə olanlardandır və sizə müsahibə vermək çox böyük şərəfdir, buna görə çox sağ olun. Suala gəlincə, mövsümün əvvəlində insanların “İmişli” barədə bu cür düşünməsi təəccüblü deyildi. Çünki strategiyanı hər kəsə demək, izah etmək alınmazdı. Bizim uzunmüddətli hədəflərimiz var və addım-addım çatmağa çalışırıq. Ümumi mövsümə ekskursiya etsək, deyə bilərəm ki, yaxşı başladıq. Ardıcıl qələbələr qazandıq, çempion “Sabah”a, “Neftçi”yə qalib gəldik, “Qarabağ”a qarşı yaxşı oyun keçirdik. Mövsümün ortası isə təcrübəsizliyin əziyyətini çəkdik, bəzi anlarda eyforiyaya qapıldıq, nəzarət azaldı. Səhv etmirəmsə, 11 oyun qələbəsizlik seriyamız yarandı. Son dəqiqələrdə buraxdığımız qollara görə xallar itirdik. Şükürlər olsun, mövsümün sonuna yaxın toparlandıq. Məncə, nəticə qənaətbəxşdir. Daha yaxşı sıralarda da ola bilərdik. Hədəfimiz 5-8-ci pillələr idi.
– 9-cu yer. Hədəfə qismən nail olunub – Premyer Liqada qalmaq.
– “Sumqayıt”ı məğlub etsək də, texniki məğlubiyyət almışdıq. Yəni daha diqqətli olsaydıq, hədəfə dəqiq şəkildə nail ola bilərdik. Lakin debüt ilində Premyer Liqada yerini qorumaq da uğurdur.
– Mövsüm haqda danışanda Kaşkilya – baş məşqçi amili də qabarır. Onun təyinatı maraqla qarşılandı. Haqqında “google”da geniş məlumat tapmaq olmurdu, tərəddüdlü fikirlər var idi. Klub rəhbəri kimi seçiminizdən razı qaldınızmı? Və son dönəmlərdə Kaşkilyanın gələcəyi ilə bağlı çoxlu xəbərlər çıxır. Buna da aydınlıq gətirərdiniz.
– Komanda I Liqada ikinci olub, Premyer Liqaya yüksələndə böyük seçim qarşısında idim. Seçim nə idi? Təcrübəmiz yox, məşqçimiz cavan. Bu məşqçi ilə mövsümə necə başlayaq? İnfrastruktur və heyət də yox idi. Biz də təcrübəli bir məşqçi axtardıq. Kaşkilyanın Portuqaliyanın I Liqasında böyük təcrübəsi var. Ordakı fəaliyyəti dövründə 3-cü liqadan 2-yə, 2-ci liqadan 1-ə komandalar yüksəldib. Bu amillər müsbət qərar verməyimizə səbəb oldu. O, qarşıya qoyulan hədəflərin bir çoxunun öhdəsindən gəlib. Başqa məqsədlərimiz də var idi, istərdik, həyata keçsin, amma alınmadı.
– Bəs qalır, yoxsa yollarınız ayrılır?
– Kaşkilyanın gələcəyi ilə bağlı hələ qərar verməmişik. Mövsümün sonunu gözləyirik. Bir neçə nüans var, onlardan biri də hədəflərdir…
– Bu, seçiminizə təsir edəcək?
– Bəli, bir şəxsin klubda uzunmüddətli işləməsi çox rastlanan hal deyil. İlk növbədə hədəfimizi qoymalı və baxmalıyıq ki, bu hədəflərə bizi kim çatdıra bilər? Kaşkilyaya böyük hörmətimiz var, onunla danışacağıq. Onun da, bizim də məqsədlərimiz var. Uyğunluq olsa, müqaviləni uzatmağı düşünərik. Yaxşı əlaqəmiz, dostluğumuz var. Yollarımız ayrılsa da, anlayışla qarşılanacağıq.
– Gələn mövsüm üçün hədəfiniz nə olacaq?
– Məntiqlə ötən mövsümlə müqayisədə hədəflər dəyişilməlidir. Bu dəfə ilk “beşlik” uğrunda mübarizə aparacağıq. Düşünürük, bir neçə sponsorla da danışmışıq, amma hələ alınmayıb…
– Maraqlı deyillər?
– İnvestorlar da pul qazanmağı düşünür. Biz istəyirik ki, gələcəkdə klubu açıq səhmdar cəmiyyət edək. Bir neçə planımız var, Bakı Fond Birjası ilə danışırıq və klubun qiymətli kağızını almaq istəyirik. Bu, nədir? Azarkeş bu kağızı alandan sonra qazanılan hər xala görə o da müəyyən məbləğ əldə edəcək. Bir-iki futbolçumuza təklif var. Onların transferi gündəmdədir və gələn vəsait klubun inkişafına yatırılacaq. Eyni zamanda, bu il əldə etdiyimiz vəsaitin böyük hissəsini saxlamışıq, xərcləməmişik və bu da gələn mövsümün büdcəsinə əlavə olunacaq.
“Bir dəfə bir söhbət oldu, böyük səhv etdim”
– Hədəflərinizə Azərbaycan daxilində uyğun olacaq məşqçi var?
– Köməkçi məşqçilərdən biri mütləq şəkildə azərbaycanlı olacaq. Ümumilikdə, bir-iki məşqçi var ki, onları da izləyirik. Fərid Namazova da demişəm ki, hazır olmayan hansısa gənc məşqçini kluba gətirib, “yandırmayacağam”. Bilirəm ki, Namazov nə vaxtsa Premyer Liqada işləyəcək və uğurlu olacaq. Məsələn, “Neftçi”nin əvəzedicilərində çalışan Rəşad Abdullayevə də şans vermək lazımdır, o da yaxşı məşqçi olacaq. “Şəfa”nın çalışdırıcısı Elgiz Kərəmli də perspektivli məşqçilərdəndir.
– Bir il həm qısa, həm uzun müddətdir. İdarəçilikdə islahatlar edə bildiniz?
– Bizimlə yola çıxanlar var və onları yarı yolda qoyub, yenilərlə işləmək düzgün olmaz. Mən sadiqəm və mənimlə yola çıxanlara sadiq qalacağam. Biz işə başlayanda 4 nəfər idik. Klub olaraq böyümək istəyiriksə, heyət genişlənməlidir. Mövsümə başlayanda bir masajist var idi, indi iki. Fitness məşqçimiz yox idi, indi var. Əvvəl adi bir zala gedirdiksə, indi daha yaxşı – milli komandanın da getdiyi zala gedirik. Bizim üçün bir məqam var, gələn insan “İmişli” klubunu sevməlidir.
– İmişli aktiv azarkeşləri olan və futbolu sevən bölgədir. Bu mövsüm məkan baxımından yerinizi tapmaqda çətinlik çəkən klub kimi yadda qaldınız. İmişlili olmaqçün nə qədər vaxta ehtiyac var?
– “İmişli” klubuyuq və daim imişlili olacağıq. Çox təəssüf edirəm, bir dəfə bir söhbət oldu, böyük səhv etdim. Səhv nə idi? İmişlili insanlarla – idarəçilərlə oturmuşduq, dedim ki, bu klubu ümumi Aran zonasının təmsilçisi edək. Təklif etdilər ki, klubun adı da dəyişsin, məsələn, “Aran” olsun. Sonra düşündüm ki, nə üçün “İmişli”nin adı dəyişməlidir? Məsələn, dünyada istənilən bir adam “Mançester Yunayted” azarkeşi ola bilirsə, onda adını dəyişib, “Qlobal”, “Dünya” qoymurlar ki?! Niyə hər hansı bir Con, Əhməd İmişlidən olub, bu kluba azarkeşlik etməsin? Bundan sonra addəyişmə məsələsinin üstündən xətt çəkdim. O ki qaldı baza, stadion məsələsinə, bu, bir az uzandı. Futbola gəlməzdən əvvəl mənə məsləhət verdilər ki, “İmişli”ni himayəyə götürüm, orda futbol ənənəsi var. Mən əslən Qazaxdanam, nə olsun? – “İmişli” üçün çalışıram. Ümumiyyətlə, dediyiniz kimi, “imişliləşmək” üçün uzun müddət vəsaiti səhv yerə xərcləmişik. Bu bizdən asılı olmayan səbəblərdən belə alınıb. İndi ciddi proseslər gedir. İcra Hakimiyyəti ilə danışıq aparırıq ki, İmişlidə bir ərazi ayrılsın və müasir standartlara uyğun baza yaradılsın. Biz öz istəyimizlə Şamaxıda, Qubada oynamamışıq. Deyiblər ki, bu şərtlər daxilində klubu idarə edə bilirsinizsə, Premyer Liqada oynayın. Mən iqtisadi dəyərlərə önəm verən adamam. Planım var, İmişlidə stadionum, 3 ehtiyat meydançası olan bazam, 14,15, 16, 17 yaşlı uşaqların qala bilməsi üçün akademiyam olmalıdır. Səmimi deyirəm, əsas komandanın bu gün İmişlidə qalması mümkün deyil, bilirəm.
– Təxminən nə vaxta alınar?
– Ərazi məsələsi 1-2 aya həll olunmalıdır. İcra hakimiyyətinin balansında olan torpaq sahəsi var, alqı-satqı prosesi son mərhələdədir. Həll olan kimi işlərə başlayacağıq. Bazanın sxemi hazırdır, memarlar üzərlərində işləyir.
– Torpaq alınması məsələsi dəqiq nə vaxt yekunlaşar?
– İyunun sonuna qədər tamamlanmalıdır. Əslində apreldə olmalı idi, UEFA-dan ödənişlər gələndən sonra İcra Hakimiyyəti ilə danışıq apardıq. Cənab başçı da bu prosesə dəstək olur. Qısa zamanda məsələni həll edib, ictimaiyyəti də məlumatlandıracağıq.
“Açıq sözlü olmağım və ya fikirlərimi sərbəst bildirməyim kiməsə qarşı mübarizə deyil”
– Bir sual yerinə düşər, AFFA ilə münasibətləriniz necədir?
– AFFA ilə çox gözəl münasibətimiz var. Düzdür, qurumun prezidenti ilə görüşməmişəm. Amma baş katib, icraçı vitse-prezident, baş katibin müavinləri ilə görüşlərim olub. İstənilən məsələdə AFFA ilə müzakirə aparmaq imkanımız var. “Sumqayıt”la matçda texniki məğlubiyyət probleminə görə arada bir az gərginlik yaranmışdı. Amma nəinki bizə qarşı çıxdılar, hətta yanımızda dayandılar. Düzdür, yekunda qərar dəyişmədi, ancaq tərəfdaş kimi hərəkət edilər, qarşı tərəf kimi yox.
– Bəzən açıqfikirli olursunuz, problem yaratmır ki?
– Açıqfikirli olmağımla bağlı bir neçə məqama toxunmaq istəyirəm. Azərbaycansevərəm, cənab Prezidentin siyasətini dəstəkləyən insanam, bu siyasətdə vacib məqam odur ki, hər birimiz çalışdığımız sahədə rifahı düşünməliyik. Bu gün futbolda çalışıram və görürəmsə ki, nələrsə doğru getmir, bunu açıq bildirməliyəm. Açıq sözlü olmağım və ya fikirlərimi sərbəst bildirməyim kiməsə qarşı mübarizə deyil. Bu, futbolun, ölkənin inkişafına dəstəkdir.

– Ən çox mətbuat konfranslarında “İmişli”nin meydançası ilə bağlı narazılıqlar olur. Bu, sizə necə təsir?
– Düzünü deyim? Çox hirslənirdim. Emosional insanam, mənə təsir edirdi. Məsələn, Qurban Qurbanovu hədsiz çox istəyirəm, o, Azərbaycan futbolunun dayağıdır, onun nailiyyətlərini təkrarlamaq üçün illər, əsrlər lazımdır. Amma Qurbanov Qubanın meydançasından danışanda həmişə qınayırdı. Nələrisə dəyişməyə gücüm çatmır. “İmişli” mənim doğmamdır, övladımdır. Ona söz gələndə qəzəb, aqressiya yaranır. Deyirəm, niyə mən, niyə?! Heç kəsə pisliyim dəyməyib, ona görə də özümə qarşı anlayış istəmişəm. Bilirsiniz, mən bunu bilərəkdən etmirəm, bilərəkdən Qubanı seçməmişəm. “Nyukasl”la oyundan qabaq səsləndirilən fikirlər pis təsir etdi. İstəyirdim ki, “Qarabağ” “Nyukasl”ı keçsin, bu, Qurbanovun adının süslənməsi olardı. Bircə Rəşad Sadıqov meydançadan danışmamışdı, amma o da son oyunumuzdan sonra danışdı, nə deyim (gülür). Bu arada, Mərkəzi Bankla, gənclər və idman nazirliyi ilə danışmışıq, Quba stadionunda drenaj sistemi qurulacaq.
– Drenaj sisteminin qurulması arxayınlıq yaradacaq? Bu, İmişlidə stadion tikintisinin sürətinə təsir edə bilər?
– Xeyr. Qubada məcburiyyətdən oynadıq. Başqa uyğun meydança yox idi. Bəziləri əsasnaməyə zidd olaraq, 3-4 meydançada oynayıb. Neqativdən çox danışmayaq. Sizi əmin edirəm ki, İmişlidə qurmaq istədiyimiz arena Azərbaycandakı meydançalar arasında ilk “üçlük”də,”dördlük”də olacaq. Belə planımız var. Bir məqamı unutmamış deyim, növbəti il Qubada oynamaq ehtimalımız çox aşağıdır. Daha çox Ağsu, Yevlax və Qəbələ variantına baxırıq. Meydanımız hazır olanadək buralardan birində çıxış edəcəyik. İşlər qaydasında getsə, elə də uzun vaxt aparmayacaq. Yeni stadionda tribunaların, paltardəyişmə otaqlarının hazırlanmasına iki ay vaxt lazımdır. İmişli isti rayondur, sentyabrda əkini edə bilsək, meydança da hazır olar və mövsümün ikinci hissəsini yeni arenamızda keçirə bilərik. Azarkeşlər bilsinlər ki, bu danışdıqlarım vaxt qazanmağa, fikirləri yumşaltmağa yönəlməyib. İmişlidə oynamağımız vacibdir. Fanatlarımız ən çılğın azarkeşlər arasındadır. Onlar da futbola qoşulsa, inanın, Lənkərandakı, Tovuzdakı, Qusardakı azarkeşlərlə rəqabətə girə bilərik.
“Missiyamın ən böyük məqamı Xviça, Mbappe, Messi kimi oyunçuları yetişdirə bilməkdir”
– Təxminən, iki ay əvvəl “İmişli” akademiyası ilə bağlı xoşagəlməz məqamlar üzə çıxdı. U-13 komandanızın müxtəlif formalar geyindiyi fotonu paylaşmışdıq. Bu, sizin ayılmağınız üçün bir detal idi. Həmin məsələdən sonra akademiya haqqında yeni fikirləriniz oyandı?
– Məqalədə “Bodo-Qlimt” məsələsini qeyd demişdiniz. O vaxt bu komandanı tanımırdım. Araşdırdım, gördüm ki, Skandinaviyada bir çox komandada ancaq yerli oyunçular çıxış edir. Deməli, uğurlu nümunədir. Özümüz üçün qeydlər götürdük. Akademiyası güclü olan klubun maliyyəsi də yaxşı olur. Növbəti il bizim U-17 və U-19 komandalarımız əsas komandaya inteqrasiya olunacaq. U-19 üçün Pro kateqoriyalı bir məşqçi ilə danışıqları sonlandırmaq üzrəyik. U-19-u çox güclü edəcəyik. Məncə, iki-üç il sonra akademiyamızın bütün komandaları bizim əsas komandamızın formalarından geyinəcək. Lakin indiki məqamda buna pul xərcləmək istəmirəm. Niyə? Çünki infrastrukturu, sistemi qurmalıyam, komandanı kluba çevirməliyəm. “İmişli” Kamran Eyyubovdan asılı olmalı deyil. Xırda detalları bəzən gözdən qaçırırıq. Mövsümün əvvəlində formalarımız gecikirdi, dedilər ki, gələnədək müvəqqəti “Sədərək”dən alaq (gülür). Buna razı olmadım. Niyə? Yeni dəstlər gələndə bu formaları neyləyəcəkdim? Pulu çölə atmış olacaqdım. Bunlar klub idarəçiliyində vacib detallardı. Nə üçün məşqçilik kursuna getdim? Çünki bilməliyəm, məşqçi ilə danışanda nələrdənsə xəbərdar olmalıyam.
– Baxışınız dəyişdi?
– Əlbəttə, nəzəriyyəni bilmək lazımdır. Praktika sözünü deyir, düzdür, amma nəzəriyyəni bilməyən adam praktik səhvlər edəcək. Məsələn, kursda yeni insanlarla, digər klubların əməkdaşları ilə tanış oldum, maarifləndirmənin nə olduğunu anladım. Bu haqda fərqli fikirlərim var idi. Əməkdaşım deyəndə ki, imtahandan məni kəsdilər, deyirəm, məni niyə kəsmədilər? Mən edirəmsə, siz də edə bilərsiniz. Futbola gəlişimin əsas tətikləyici məqamı o oldu ki, dünya çempionatının finalında Mbappeni izlədim və düşündüm, niyə bizdə belə futbolçu yoxdur? Biz də Mbappe kimi birini yetişdirə bilərik. Missiyamın ən böyük məqamı Xviça, Mbappe, Messi kimi oyunçuları yetişdirə bilməkdir. “İmişli” nə zaman bunu edə bilərsə, missiyam tamamlanmış hesab olunacaq.
– Ataların sözü var, şər deməsən, xeyir gəlməz. Pozitiv kimi, neqativ məqamlar da var. Azarkeş rakursundan baxsaq, fikrinizi bilmək istərdim, iddialarınız böyükdür. Gələcəkdə klub birinci liqaya düşsə, “İmişli” psixoloji sarsıntı keçirməz?
– Sarsıntı olar, amma futboldan getməz. Birinci Liqada da oynamağa davam edəcəyik. Psixoloji sarsıntıdan tez ayılmaq üçün bir neçə məqam var. Akademiyamız, maliyyə dayağımız güclü olarsa, I Liqadan da tez qayıda biləcəyik. Stabil, dayanıqlı, uzunmüddətli klub yaratmaq istəyirik. İndi klub qurmaq asandır, stadion tapdın, reklam etdin, tamamlandı. Amma əsas məqam dayanıqlılıqdır. Azərbaycanda 56, ya 57 klub fəaliyyətini dayandırıb. Klublar bir şəxsin fikrinə görə açılıb-bağlanmamalıdır.
– Son sual Klublar Komitəsi ilə bağlıdır. Bu qurumun varlığı nə dərəcədə önəmlidir və bunun olmasını istəyirsinizmi?
– KK-nin olması vacibdir. AFFA-nın baş katibi də iclaslarda iştirak edir, fikirlərimizi dinləyir. Onun orda olması bizi sevindirir. Son bir neçə iclasda əvəzedicilərlə bağlı fikir ayrılığı yaşadıq. AFFA və bizim mövqeyimiz fərqli idi, bizə xoş olmadı. Amma AFFA da ölkə futbolunun maraqlarını düşünür. PFL çox gözəl qurumdur, kifayət qədər yaxşı işlər görür. Səhvlər var, normaldır. Amma gördükləri böyük işlərin dəyərini vermək lazımdır. Klublar Komitəsi isə fərqli qurumdur. PFL yarışların təşkilatçısıdır, onu əvəz edə bilməz. Burda klubların marağı, istəkləri kollektiv şəkildə müzakirə edilir, AFFA-ya bildirilir.
Elçin Cəlilov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.