RU

Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mahmud Mahmudovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 15 mart 2026-cı il tarixdə saat 18 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.

 

Belə ki, Mahmud Mahmudov həyat yoldaşı, zərərçəkmiş Səkinə Mahmudovanın (adı, soyadı şərtidir) əvvəllər qızıl-zinət əşyalarını ehtiyatsızlıqdan itirməsini yenidən xatırladaraq ona irad bildirib. Həmin məsələ ilə bağlı ər-arvad arasında ailə-məişət zəminində mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs əsəbiləşərək qadının üzərinə hücum edib, ona yumruq zərbəsi endirib və əlləri ilə itələyib.

 

Nəticədə Səkinə Mahmudovaya başın təpə nahiyəsinin sol yarısının əzilmiş-cırılmış yarası, həmçinin başın alın nahiyəsində geniş sahəli hematoma ilə müşayiət olunan xəsarətlər yetirilib. Ekspertiza həmin xəsarətləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər kimi qiymətləndirib.

 

Bununla Mahmud Mahmudovun zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurduğu qeyd edilib.

 

Məhkəmə baxışı zamanı zərərçəkmiş Səkinə Mahmudova ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib. O, həmçinin ərinin barəsində aparılan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş edib.

 

Eyni zamanda, təqsirləndirilən Mahmud Mahmudov da məhkəməyə təqdim etdiyi ərizədə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və qadının ona qarşı hər hansı tələb və şikayətinin olmadığını bildirib. O da iş üzrə sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 18 May 2026, 09:05   
Избранный
34
pravda.az

1Источники