RU

Neftin qiyməti 180 dollara çata bilər

Qlobal enerji böhranının daha təhlükəli mərhələyə keçməsi və Hörmüz boğazındakı vəziyyət bazarlara ciddi təsir göstərə bilər...

Poliqon xəbər verir ki, Financial Times nəşri İran ətrafında davam edən hərbi gərginlik fonunda qlobal enerji böhranının kritik mərhələyə yaxınlaşdığını yazıb. Nəşrin təhlilinə görə, yaxın aylarda neftin qiyməti kəskin şəkildə artaraq bir barel üçün 180 dollara qədər yüksələ bilər.

Məlumatda qeyd olunur ki, yay mövsümünün başlaması ilə birlikdə şimal yarımkürəsində səyahətlərin artması və kondisionerlərə tələbatın yüksəlməsi enerji bazarlarında əlavə təzyiq yaradacaq. Bu vəziyyət xam neft, benzin, aviasiya kerosini və dizel ehtiyatlarının sürətlə azalması fonunda daha ciddi risklər formalaşdırır.

Analitiklər bildirirlər ki, xüsusilə İranın nəzarətində mühüm strateji əhəmiyyət daşıyan Hörmüz boğazının bağlı qalması qlobal enerji tədarükü üçün ciddi təhlükə yarada bilər. Onların fikrincə, boğazın uzun müddət bağlanması Brent markalı neftin qiymətini rekord səviyyəyə yüksəldə bilər.

Ekspertlərin hesablamalarına görə, belə ssenari baş verərsə, bir çox ölkələrdə yanacaq normallaşdırılması tətbiq oluna, sənaye müəssisələrinin fəaliyyəti məhdudlaşdırıla və dünya iqtisadiyyatı yeni resessiya mərhələsinə daxil ola bilər.

“Financial Times” vurğulayır ki, hazırda qlobal enerji ehtiyatları tarixdə qeydə alınan ən yüksək sürətlə azalır və bazarda əlavə ehtiyat imkanları məhduddur. Bu isə istənilən geosiyasi böhranın enerji qiymətlərinə daha kəskin təsir göstərməsinə səbəb olur.

İqtisadçılar hesab edirlər ki, enerji qiymətlərində mümkün sıçrayış inflyasiyanın yenidən sürətlənməsinə, logistika və istehsal xərclərinin artmasına, həmçinin dünya üzrə istehlak bazarlarında ciddi dalğalanmalara gətirib çıxara bilər.

Poliqon.info

Избранный
42
poliqon.info

1Источники