RU

Ermənistan müxalifəti beynəlxalq müşahidəçilərə çağırış edib

BAKI, 19 may. TELEQRAF

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” (“Hayastan”) müxalif bloku ölkədəki siyasi vəziyyətlə bağlı beynəlxalq müşahidəçilərə və xarici səfirliklərə müraciət edib.

Teleqraf xəbər verir ki, siyasi qüvvənin yaydığı bəyanatda Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi daxili siyasi mühitdə qəbuledilməz gərginliyin yarandığı bildirilib.

Müxalifət iddia edir ki, hakimiyyət siyasi rəqibləri susdurmağa, söz və fikir azadlığını məhdudlaşdırmağa çalışır. Bəyanatda qeyd olunur ki, ölkədə qorxu və daxili qarşıdurma mühiti dərinləşir.

“Hayastan” blokunun nümayəndələri hesab edirlər ki, hakimiyyətin istifadə etdiyi üsullar seçkilərin azad və rəqabətli keçirilməsini mümkünsüz edir.

Sənəddə həmçinin bildirilib ki, hakim qüvvə nümayəndələrinin çıxışlarında müxalif liderlərə və vətəndaşlara qarşı təhdidlər, təhqiramiz ifadələr və nifrət çağırışları yer alır.

Müxalifət mayın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyanın canlı efirdə əsas siyasi rəqiblərinə və vətəndaşlara qarşı sərt bəyanatlar səsləndirdiyini iddia edib.

Bəyanatda beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirdiyi də vurğulanıb. Müxalifət Ermənistanda akkreditə olunmuş səfirlikləri və müşahidə missiyalarını vəziyyətə adekvat reaksiya verməyə çağırıb.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 17 partiya və iki siyasi blok iştirak edəcək.

Избранный
72
teleqraf.com

1Источники