RU

Rəsmi boşanmaqla İŞ BİTMİR – Bunu etməyənlər hələ də ər-arvad sayıla bilər

“Cəmiyyətimizdə formalaşmış ənənəyə görə evlənənlər müvafiq dövlət qurumunda nikahı təsdiqlətdikdən sonra "dini kəbin" üçün də din xadiminə müraciət edirlər ki, dua oxusun. Şübhəsiz ki, İslam hüququna görə dini kəbini rəsmi qurum, evlənmə prosesindən yaranan məsələləri, problemləri həll etmək səlahiyyəti olan şəxs icra etməlidir. Yəni, boşanma zamanı, digər hallarda yaranan mülk, bölgü, uşaqların aqibəti kimi halları hansı qurum həll edirsə, onun icra etdiyi nikah əqdi mötəbər sayılır”.

Bunu Bizim.Media-ya dini kəbinlə bağlı məsələyə aydınlıq gətirən dinşünas Tural İrfan söyləyib.

O, əlavə edib ki, kəbini dini, yaxud dinsiz kəbin təsnifatına bölünməsi yanlışdır:

“Kəbin elə kəbindir. Burada əsas məqsəd cütlüklərin hüququnu qorumaqdır. Ancaq ənənəyə görə din xadiminin də əlavə nikah oxuması halları da çoxdur. Ehtiyac olmasa da, bunun qəbahəti yoxdur. Amma bu, dini yöndən dövlət nikahının etibarsız sayılması kimi qəbul olunmamalıdır. Bəzən evlənən zaman təcili din xadimi axtaran adamlar boşananda talaq oxutmaq üçün heç narahat olmurlar. Demək bu da sübut edir ki, bəzi adamlar dini zərurətdən deyil, sadəcə adət üçün kəbin edirlər”.
 

Əgər bu dini zərurət kimi qəbul olunursa bəs necə olur ki, boşananda din xadiminə müraciət etmirlər?


Müsahibimiz qeyd edir ki, hər kəsin öz inancı var:

“Hər nə qədər biz əsl olanı izah etsək də, ola bilər ki, müəyyən qism insan dövlət kəbini ilə paralel din xadiminə də dua oxudur. Bu da təbiidir. Ürəyi rahat olmaq, şübhədən çıxmaq üçün müsəlman din xadiminə, hətta sonra digər dinlərin xadimlərinə də dua oxuda bilərlər. Bunun ziyanı yoxdur. Amma girişi bilən, gərək çıxışı da bilsin. Yoxsa dinə, dini qaydalara da hörmətsizlik olar.

Əgər inamından dolayı evlənəndə din xadiminə kəbin kəsdiribsə, demək bunu doğru hesab edib. O zaman boşananda da mütləq məhkəmə qərarından sonra yenə də din xadiminə talaq oxutmalıdır. Əks halda mollanın dini metodla rəsmiləşdirdiyi evlilik hələ də qüvvədə sayıla bilər.

Ümumiyyətlə, dini hökmlərlə dünyəvi qanunları üz-üzə qoymaq, ziddiyyətli kimi izah etmək yanlışdır.

Ümumilikdə bütün bu qaydalar cəmiyyətin saflaşması, sosial nizamın tarazlığı, mənəviyyatı qorumaq üçündür. Din də qanun da eyni hədəfə xidmət edir. Kəbində məqsəd ailənin sağlamlığını, hüquqlarını, möhkəmliyini təmin etmək, qorumaqdır.

Orta əsrlərdə yaxud ateist sovet hakimiyyəti dövründə bu kimi məsələləri qazılar, din xadimləri icra edirdisə, indi müstəqillik dövründə aidiyyəti dövlət qurumu icra edir. Demək dövlətin aidiyyəti qurumunun icra etdiyi nikah daha qüvvəli, daha etibarlıdır. Eyni zamanda boşanma zamanı da aidiyyəti dövlət orqanlarının qərarı həm dini, həm də dünyəvi yöndən daha etibarlıdır. Ona görə ki, qarşıya çıxan problemlərin həllini din xadimi deyil, məhz həmin qurum öhdəsinə götürür və bu sahədə səlahiyyət ona xasdır”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
38
1
bizim.media

2Источники