RU

WUF13: “Bakı Ağ Şəhər” layihəsində ekoloji və nəqliyyat infrastrukturu yenilənəcək

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 19 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Ağ Şəhər” layihəsi ilə beynəlxalq mühəndislik və dizayn şirkəti “AtkinsRéalis” arasında əməkdaşlığa başlanılıb.

AZƏRTAC xəbər verir ki, əməkdaşlıq sazişini “AtkinsRéalis” şirkətinin qlobal direktoru Metyu Trayb və Azərbaycan İnkişaf Şirkətinin “Bakı Ağ Şəhər” layihəsinin direktoru Rüfət Cavadov imzalayıblar.

Saziş “Bakı Ağ Şəhər”in Şərq kvartalında yol, nəqliyyat və mühəndis kommunikasiya infrastrukturunun yaşıl və dayanıqlı şəhər prinsipləri əsasında inkişaf etdirilməsini nəzərdə tutur.

Layihə çərçivəsində qabaqcıl ekoloji standartların tətbiqi, nəqliyyat əlaqələrinin optimallaşdırılması, enerji, səmərəli mühəndis şəbəkələrinin qurulması, yaşıl zonaların genişləndirilməsi, həmçinin piyada və velosipedyönümlü küçə dizaynının həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, ictimai nəqliyyatın gücləndirilməsi və resursların səmərəli idarə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.

“AtkinsRéalis” şirkətinin “Buildings and Places” istiqaməti üzrə qlobal direktoru Metyu Trayb AZƏRTAC-a müsahibəsində bildirib ki, layihənin əsası Azərbaycan Prezidentinin ekoloji mühitin təmizlənməsi və bərpasına dair strateji qərarları nəticəsində qoyulub. “Bu layihə üzərində müştərilərimizlə təxminən 20 illik əməkdaşlıq yolumuz var. Layihə şəhərin ən çox çirklənmiş ərazilərindən birinin ekoloji təmizlənməsi və həmin ərazinin yenidən şəhərə qaytarılması kimi olduqca ambisiyalı baxış əsasında başlayıb”, - deyə M.Trayb vurğulayıb.

Metyu Trayb WUF13-ün şəhərlərin daha inklüziv və dayanıqlı inkişafına töhfə verdiyini bildirib. “WUF13 şəhərlərin hamı üçün daha yaxşı olması istiqamətində aparıcı platformadır. Forumun əsas mövzularından biri mənzil məsələsidir. “Bakı Ağ Şəhər” layihəsi isə müxtəlif sosial qruplar üçün fərqli yaşayış formatları təqdim etməklə inklüziv şəhərsalma modelini ortaya qoyur”, - deyə şirkət rəsmisi əlavə edib.

M.Traybın sözlərinə görə, “Bakı Ağ Şəhər” layihəsi gələcək şəhərsalma təşəbbüsləri üçün də nümunəvi model hesab oluna bilər. “Bu, olduqca iddialı baxış idi. WUF13 isə şəhərlərin hamı üçün daha yaşamalı olması məqsədini ön plana çıxarır. “Bakı Ağ Şəhər” layihəsi də müxtəlif sosial qruplar üçün nəzərdə tutulmuş yaşayış konsepsiyası ilə bu məqsədlərə töhfə verir”, - deyə M.Trayb əlavə edib.

“AtkinsRéalis” şirkətinin Şəhərlər və İcmalar üzrə satış direktoru Farida Hani Mahmud Fərəh AZƏRTAC-a bildirib ki, “Bakı Ağ Şəhər” layihəsi sadəcə master-plan deyil, həm də ölkənin ekoloji transformasiya istiqamətində strateji niyyətinin göstəricisidir.

“Bu layihə Azərbaycan Prezidentinin ekoloji transformasiya ilə bağlı təşəbbüsləri ilə uzlaşır. Vaxtilə sənaye zonası olmuş ərazi bu gün dayanıqlı şəhərsalma nümunəsinə çevrilir və gələcək layihələr üçün model rolunu oynayır”, - deyə o qeyd edib.

AZƏRTAC-a açıqlamasında yaşıl bina sertifikatlaşdırılması üzrə mütəxəssis Kseniya Aqapova bildirib ki, “Bakı Ağ Şəhər” layihəsində beynəlxalq yaşıl bina standartlarının tətbiqi region üzrə yeni dayanıqlı tikinti meyarlarının formalaşmasına töhfə verir.

Kseniya Aqapova qeyd edib ki, layihə çərçivəsində beynəlxalq ekoloji sertifikatlaşdırma standartları əsasında bir sıra obyektlərin qiymətləndirilməsi artıq uğurla həyata keçirilib.

“Hazırda “Bakı Ağ Şəhər”də pərakəndə satış məkanları və bir neçə biznes mərkəzi beynəlxalq yaşıl sertifikatlaşdırmadan uğurla keçib. Eyni zamanda, təxminən 10 yaşayış binasının sertifikatlaşdırılmasına hazırlıq işləri aparılır”, - deyə K.Aqapova vurğulayıb.

Onun sözlərinə görə, layihədə yaşıl sertifikatlaşdırmanın geniş şəkildə tətbiqi bütövlükdə region üçün yeni standartların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Bu yanaşma regionda dayanıqlı tikinti və ekoloji məsuliyyət sahəsində yeni prioritetlər formalaşdırır”, - deyə Kseniya Aqapova əlavə edib.

Qeyd edək ki, sözügedən saziş Azərbaycanın dayanıqlı inkişaf və iqlim gündəliyinə uyğun şəhər transformasiya istiqamətində atdığı addımlardan biri hesab olunur. Layihənin Bakının müasir şəhər simasının formalaşmasına mühüm töhfə verəcəyi bildirilir.

Müxbir - Pərvanə Qafarova

Fotoqraf - Azər İbrahimov

Videooperator - Ələkbər Baxşıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
azertag.az

1Источники