BMT-nin adekvat mənzil hüququ üzrə xüsusi məruzəçisi Koldo Kasla bildirib ki, mənzil hüququnun pozulması ilə bağlı hər bir şəxs BMT-yə müraciət edə bilər. 1news.az-ın müxbiri xəbər verir ki, o, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: çıxış yolu nədir?” adlı dialoqda səsləndirib. Koldo Kasla vurğulayıb ki, mənzil əlçatanlığı məsələsində heç kim diqqətdən kənarda qalmamalıdır və xüsusilə risk qrupunda olan insanlara xüsusi yanaşma göstərilməlidir. Onun sözlərinə görə, dövlətlər sosial hüquqların, o cümlədən mənzil hüququnun təmin olunması üçün maksimum resurs səfərbər etməlidirlər. “Bu sahədə geriyə addım atmaq olmaz. Vacib olan artıq əldə edilmiş nəticələr əsasında irəliləməkdir”, - deyə o bildirib. “İstənilən şəxs mənzil hüququnun pozulması ilə bağlı BMT-yə müraciət edə bilər. Mən və komandam bu müraciətləri araşdırır və prosesə nəzarət edirik”, - deyə Koldo Kasla əlavə edib.