RU

Sahil İsgəndərov: Ukrayna probleminə Qərbdə fərqli yanaşma dərinləşir

BAKI, 19 may. TELEQRAF

Son aylarda Rusiya-Ukrayna münaqişəsi yenidən yüksək eskalasiya mərhələsinə qədəm qoyub. Ukraynanın Rusiyanın hərbi obyektlərinə və infrastrukturuna hücumlarının coğrafiyasını genişləndirməsi qarşılığında Moskva cavab hücumlarının intensivliyini artırır.

Teleqraf xəbər verir ki, bu sözləri politoloq Sahil İsgəndərov deyib.

Onun sözlərinə görə, cəbhə xəttində müşahidə olunan mövqe müharibəsi fonunda hərbi əməliyyatların intensivləşməsi ilə yanaşı, danışıqlar prosesinin bərpası, atəşkəs və siyasi həll yolu axtarılması ehtimalı barədə bəyanatların sayı da artır:

“Nisbətən yaxın vaxtlara qədər Rusiya ilə Qərb arasında danışıqlar ideyası Avropada demək olar ki, siyasi tabu kimi qiymətləndirlirilsə də, bu gün vəziyyət tədricən dəyişir. Moskva ilə dialoqun bərpasının zəruriliyi barədə bəyanatlar Avropa ekspert və siyasi ictimaiyyətində getdikcə daha çox eşidilir. Bəzi dairələrdə isə “qoca qitə”də gələcək təhlükəsizlik arxitekturası üçün mexanizmlər artıq açıq şəkildə müzakirə olunur.

Avropa ilə dialoqun bərpasında əvvəllər Moskva ilə münasibətlərə praqmatik yanaşma sərgiləyən keçmiş Almaniya kansleri Gerhard Şröderin namizədliyini Rusiyanın potensial vasitəçi kimi gündəmə gətrimsəi xüsusi diqqət çəkir. Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas, öz növbəsində, sərt anti-Rusiya ritorikasına baxmayaraq, Moskva ilə gələcək əlaqələrin müzakirəsində əsas fiqur rolunda çıxış etməyə hazır olduğunu açıqlayıb. Bu cür müzakirələrin mövcudluğu mühüm transfrormasiyanın baş verdiyini göstərir: Avropa sonsuz qarşıdurma strategiyasının hüdudsuz olmadığını anlamağa başlayır”.

Politoloq bildirib ki, bu reallıq əsasən ABŞ-nin mövqeyindəki əhəmiyyətli dəyişikliklə bağlıdır:

“Vaşinqton tədricən Ukrayna münaqişəsində birbaşa iştirakını azaldır. Amerika siyasi elitası getdikcə Ukraynanı avropalımüttəfiqlərinin üzərinə qoyulmalı olan ağır maliyyə və hərbi resurs yükü kimi görür. Amerikalı konqresmenlərinin Ukrayna üçün yeni, genişmiqyaslı yardım paketinin mümkünsüzlüyü ilə bağlı açıqlamaları bütün Avro-Atlantik sisteminə çox ciddi neqativ mühüm siqnaldır.

Böyük mənada Vaşinqton Ukraynaya məhdud dəstək modelinə keçir: kəşfiyyat təminatı, silah tədarükünün koordinasiyası və münaqişəyə siyasi dəstək davam edəcək, lakin maliyyə yükünün əsas hissəsi getdikcə Avropanın çiyinlərinə düşəcək. Eyni zamanda, Yaxın Şərqdəki müttəfiqlərinə dəstək də daxil olmaqla, böyük miqyasda hərbi potensialını xərcləmiuş Amerika hərbi-sənaye kompleksi öz ehtiyatlarını doldurmaq ehtiyacı ilə üzləşib. Bu, Vaşinqtonun Avropa tərəfdaşlarına silah tədarükünü tez bir zamanda artırmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Son nəticədə, Ukraynaya ötürülməsi üçün Avropanın ABŞ-dən almağı planlaşdırdığı silahların tədarük müddəti də ən azı 4-5 il müddətinə uzadılır.

Bu fonda Avropa öz müdafiə sistemində ciddi bir böhranla üzləşir. Estoniyanın müdafiə naziri Hanno Pevkur Avropada silah və hərbi texnikanın qiymətlərinin 50-60 faiz civarında artdığını etiraf edib. Onun sözlərinə görə, Avropa müdafiə sənayesi uzunmüddətli, yüksək intensivlikli münaqişəyə hazır deyil. Şirkətlər istehsal güc, ölkələr uzunmüddətli müqavilələrin çatışmazlığı ilə üzləşirlər. Aİiqtisadiyyatı isə uzunmüddətli enerji və sənaye böhranının nəticələrindən əziyyət çəkir.

Maraqlıdır ki, məhz Amerikanın Ukrayna münaqişəsində iştirakının zəifləməsi fonunda ən radikal Avropa siyasətçiləri Rusiyaya maksimum təzyiq göstərməkdə israrlıdırlar. Baltikyanı ölkələrin nümayəndələri və bəzi Şərqi Avropa elitaları Moskvanın “məğlubiyyətin astanasında” olduğunu və Rusiyanın Avropaya və NATO-ya hücum hazırladığını iddia edirlər. Bu cür ritorika daxili siyasi səfərbərliyin vacib elementinə çevrilir, lakin getdikcə qarşıdurmanın iqtisadi zərəri barədə Avropa cəmiyyətindəki düşüncələri şübhə altına alır”.

Sahil İsgəndərov Avropa siyasətindəki dəyişikliklərin Ukraynanın özündə xüsusilə ağrılı şəkildə qəbul edildiyini qeyd edib:

“Aİ Kiyevin əsas maliyyə donoru olaraq qalsa da, ilk növbədə öz iqtisadi maraqlarını qorumağa hazır olduğunu getdikcə daha çox sərgiləyir. Ukrayna polad ixracı ilə bağlı vəziyyət bunu xüsusilə əyani şəkildə göstərir. Aİ rüsumsuz kvotaları kəskin şəkildə azaltmaq və Ukrayna polad sənayesinin Avropa bazarına çıxışını effektiv şəkildə məhdudlaşdırmaq niyyətindədir. Çətin vəziyyətdə olan Ukrayna iqtisadiyyatı üçün bu cür tədbirlər ixrac gəlirlərinin bir milyard avrodan çox itirilməsi ilə nəticələnə bilər.

Bu, siyasi baxımdan daha ciddi amildir. Uzun illər Avropa inteqrasiyası Ukrayna cəmiyyəti tərəfindən strateji perspektiv və milli inkişaf üçün faktiki olaraq mübahisəsiz bir yol kimi qəbul edilir. Lakin, hazırkı Aİ siyasəti göstərir ki, “qoca qitə” ilk növbədə yerli istehsalçıların və daxili bazarların maraqlarının siyasi həmrəylik bəyannamələrindən üstün tutulduğu sərt iqtisadi proteksionizm məkanı olaraq qalır.

Əvvəllər oxşar vəziyyət Ukrayna kənd təsərrüfatı məhsulları ətrafında yaşanmışdı. Onda avropalı fermerlər Ukraynadan gələn rəqabətdən qorxaraq taxıl və digər malların tədarükünü dayandırırdılar. O dövrdə bu hadisələr hələ də ayrı-ayrı sənaye sahələrinin daxili etirazları ilə izah edilə bilərdi. Lakin bu gün Avropa institutları tərəfindən birbaşa məhdudiyyətlər tətbiq olunur və problem müvəqqəti böhrandan sistemli bir tendensiyaya çevrilir".

Politoloq bildirib ki,getdikcə daha çox ukraynalı ekspert və siyasətçi dilemma qarşısında qalır:

"Avropa həqiqətən Ukraynanı cəmiyyətin gələcək bərabərhüquqlu üzvü kimi görür, yoxsa Rusiya ilə qarşıdurmada ona yalnız geosiyasi vasitə rolu ayrılıb?

Bu sual müharibə uzandıqca xüsusilə aktuallaşır. İnsan itkiləri artdıqca, infrastruktur dağıldıqca, iqtisadiyyat kiçildikcə və demoqrafik böhran gücləndikcə, Ukraynanın xarici maliyyə və hərbi dəstək resurslarından asılılığı daha da artır. Bu arada, Qərb müttəfiqlərinin özləri Rusiya ilə birbaşa qarşıdurmaya hazır olmadıqlarını nümayiş etdirir və münaqişənin əsas yükünü Ukrayna cəmiyyətinə ötürürlər.

Bu fonda, Qərb elitaları arasında müharibənin 2026-cı ilə qədər davam etdirilməsinin və Rusiya infrastrukturuna hücumların gücləndirilməsinin zəruriliyi barədə qapalı məsləhətləşmələr barədə məlumatlar xüsusi əhəmiyyətə malikdir. Bu nəşrlərin bəziləri sadəcə təbliğat və ya siyasi manipulyasiya olsa belə, bu cür müzakirələrin məntiqi Qərb isteblişmentindəki bəzi insanların mövcud əhval-ruhiyyəsini əks etdirir: münaqişə Ukraynaya nəyin bahasına başa gəlməsindən asılı olmayaraq, Rusiyanı mümkün qədər tükətməlidir.

Lakin əks tendensiyalar da geniş vüsət almağa başlayıb. Getdikcə daha çox Avropa siyasətçisi mövcud çıxılmaz vəziyyəti açıq şəkildə bəyan edir. Məsələn Slovakiyanın Baş naziri Robert Fitsonun fikrincə, Qərbin Rusiyanı zəiflətmək strategiyası işə yaramır və münaqişənin özü çox uzun müddət davam edə bilər. Oxşar fikirlər, xüsusən də pisləşən iqtisadi vəziyyət və artan hərbi xərclər fonunda digər Avropa ölkələrində də tədricən yayılır.

Ukrayna siyasi sistemindəki korrupsiya qalmaqalları qeyri-sabitliyin əlavə amilinə çevrilir. Prezident Volodimir Zelenskinin yaxın çevrəsinin üzvlərinə qarşı aparılan korrupsiya araşdırmaları haqqında məlumatlar Ukrayna rəhbərliyinə təzyiqi artırır və eyni zamanda Qərb tərəfdaşlarına Kiyevə dəstəyini yenidən nəzərdən keçirmək üçün əlavə arqumentlər verir. Bəzi ekspertlərə görə, korrupsiyaya qarşı mübarizə gündəliyi Vaşinqton tərəfindən Ukrayna hökumətini ərazi və siyasi güzəştlərə məcbur etmək üçün istifadə oluna bilər.

Bu baxımdan, Zelenskinin Ağ Evdən artan təzyiq barədə öz açıqlamaları da bir sıra incə mətləblərdən xəbər verir. Ukrayna rəhbərliyi get-gedəmüharibənin davam etdirilməsi ilə müttəfiqlərinin siyasi həll tələbləri arasında tarazlıq tapmaq ehtiyacı ilə üzləşir. Bu davamlı proseslərin əsas nəticəsi onu göstərir ki, Qərbin Ukrayna münaqişəsinə yanaşması tədricən dəyişir. Əvvəllər dominant məntiq Rusiya üçün strateji məğlubiyyət idisə, bu gün nəzarətsiz eskalasiyadan qaçmaq və öz xərclərini minimuma endirmək istəyi mərkəzi yer tutur.

ABŞ Ukrayna prosesində iştirak səviyyəsini tədricən azaldır. Avropa qarşıdurmanın iqtisadi xərclərini dərk etməyə başlayır və Aİ daxilində sərt xətt tərəfdarları ilə dialoq tərəfdarları arasında fikir ayrılıqları güclənir. Ukrayna artan müttəfiq yorğunluğu və əlavə dəstək üçün məhdud resurslarla üzləşir.

Bütün bunlar müharibənin tez bir zamanda sona çatması demək deyil. Əksinə, ən çox ehtimal olunan ssenari qismində vaxtaşırı danışıqlar cəhdləri və müvəqqəti atəşkəslə uzunmüddətli, orta intensivlikli münaqişə qalır. Lakin artıq aydındır ki, kollektiv Qərb bu məsələdə artıq əvvəlki monolitliyi nümayiş etdirmir və sonsuz müharibə strategiyasının özü, hətta keçmiş tərəfdarları arasında belə, getdikcə daha çox şübhə doğurur. Buna görə də qarşıdakı illərin əsas intriqası tərəflərdən birinin hərbi qələbəsindən yox, məqsədlərinə yalnız hərbi yolla çatmağın mümkünsüzlüyünü kimin ilk etiraf edəcəyi və qarşıdurmanın hazırkı mərhələsi bitdikdən sonra Avropada yaradılacaq gələcək güc balansından asılı olacaq".

Избранный
23
teleqraf.com

1Источники