RU

Azərbaycan qlobal gündəm formalaşdırır – Prezidentin İSMARIŞI

Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi geniş müsahibə dünya mediasında tirajlanır. Azərbaycanın müasir inkişaf strategiyasını, beynəlxalq nüfuzunu və postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətini dünya ictimaiyyətinə çatdıran ölkə başçısının verdiyi mesajlar geniş müzakirə olunur. Musavat.com xəbər verir ki, xüsusilə, Azərbaycan rəhbərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, enerji təhlükəsizliyi sahəsində ölkəsinin artan rolu, eyni zamanda, yürüdülən balanslı xarici siyasət barədə dedikləri diqqəti cəlb edib.

Bakıda

Deputat Naqif Həmzəyev sözlərinə görə, bu müsahibə təkcə bir televiziya çıxışı deyil, eyni zamanda, Azərbaycanın dünyaya ünvanladığı sistematik bir mesajdır: “Bu forumun Azərbaycanda təşkil edilməsi təsadüf deyildi. Bu, ölkənin beynəlxalq arenada qazandığı etimadın, etibarlı tərəfdaş statusunun və idarəetmə potensialının rəsmi tanınmasıdır. Dünya Şəhərsalma Forumu, BMT-nin Yaşayış Məntəqələri Proqramı (UN-Habitat) tərəfindən hər iki ildən bir keçirilən ən nüfuzlu qlobal şəhərsalma platformasıdır. Onlarca ölkədən dövlət başçıları, nazirlər, şəhər planlaşdırıcıları, akademiklər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi bu forumun Bakıda keçirilməsi Azərbaycanın qlobal gündəm formalaşdırmaq iqtidarında olan bir dövlət kimi tanındığını sübut edir”.

Deputata görə, prezident bu məqamda mühüm bir tezisi önə çıxarıb: “Müasir urbanizasiya ilə tarixi-mədəni irsin qorunması bir-birini istisna edən deyil, əksinə, bir-birini tamamlayan proseslərdir. Azərbaycan bu sahədə özünəməxsus bir balans modeli işləyib hazırlayıb. Bir tərəfdən Bakının tarixi mərkəzi olan İçərişəhər UNESCO-nun Dünya İrsi siyahısında qorunur, digər tərəfdən isə şəhər sürətlə müasirləşir, yeni infrastruktur layihələri həyata keçirilir, ağıllı şəhər texnologiyaları tətbiq edilir. Bu sintez, postsovet məkanında nadir rastlanan bir idarəetmə uğurudur. Müsahibənin ən əhəmiyyətli hissəsi, şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işlərinə həsr edilmiş blok idi. Prezident İlham Əliyev bu mövzuda yalnız rəqəmlər və statistika ilə kifayətlənmədi; o, Azərbaycanın postmünaqişə yenidənqurmasında dünya praktikasına inteqrasiya edilə biləcək sistemli bir model qurduğunu bütün detalları ilə izah etdi”.

Onun sözlərinə görə, azadlıq Şuşadan başlayıb, amma tikinti işləri ilə yanaşı, bir ideologiya da bərpa edilib: “Bu torpaqlar təkcə fiziki mənada deyil, texnoloji, ekoloji və sosial mənada da yenidən qurulur. "Ağıllı şəhər" konsepsiyası çərçivəsində Ağdam, Füzuli, Zəngilan kimi şəhərlərdə yalnız binalar inşa edilmir, rəqəmsal idarəetmə sistemləri, enerji effektivliyi standartları, müasir nəqliyyat şəbəkələri, bərpaolunan enerji infrastrukturu eyni vaxtda layihələndirilir və qurulur. Bu, dünyada az sayda dövlətin belə miqyasda tətbiq etdiyi inteqrativ yenidənqurma yanaşmasıdır. "Ağıllı kənd" konsepsiyası isə kənd icmalarını da bu modernləşmə dalğasına qoşur. Fermerlərə rəqəmsal texnologiyalara çıxış, bərpaolunan enerji ilə işləyən infrastruktur, müasir aqrar texnologiyalar təqdim edilir. Bu model, kənd-şəhər ikiliyi problemini aradan qaldırmağa yönəlmiş mütərəqqi bir siyasi seçimdir”.

Naqif

Deputat deyib ki, 30 il məcburi köçkün həyatı yaşamış insanlar öz doğma torpaqlarına qayıdır: “Lakin Prezident İlham Əliyev bu prosesin mərhələli şəkildə aparıldığını xüsusi vurğuladı. Bu ehtiyatlı yanaşma, insanların qayıtdıqda lazımi infrastrukturu, iş imkanlarını və xidmətləri hazır tapmasını təmin etmək məqsədi daşıyır. Dünya tarixindən çoxsaylı nümunələr göstərir ki, sürətli, hazırlıqsız repatriyasiya prosesləri yeni humanitar böhranlar yarada bilər. Azərbaycan bu təcrübələri nəzərə alaraq planlaşdırılmış, tədrici, infrastrukturla dəstəklənən bir geri dönüş modeli həyata keçirir”.

Deputat onu da bildirib ki, müsahibənin digər strateji bloku Azərbaycanın Avropa enerji bazarındakı artan roluna həsr edilib: “Bu mövzu, müasir geosiyasi şəraitdə xüsusilə aktualdır. Cənub Qaz Dəhlizi-TANAP-TAP boru kəmər sistemi-Xəzər hövzəsindən Avropaya uzanan strateji bir enerji arteriyasıdır. Prezident bu dəhliz vasitəsilə qaz ixrac edilən Avropa ölkələrinin sayının durmadan artdığını bildirdi. Bu, Azərbaycanın artıq ayrı-ayrı ölkələrə deyil, bir sistem kimi Avropa enerji bazarına inteqrasiya olunduğunu göstərir”.

Deputat hesab edir ki, prezidentin "Euronews"a verdiyi müsahibə bir neçə fundamental mesajı da özündə ehtiva edir: “Birincisi, postmünaqişə yenidənqurması yalnız texniki bir infrastruktur məsələsi deyil, o, dövlətin siyasi iradəsinin, iqtisadi imkanlarının və uzaqgörən planlaşdırmasının birlikdə sınağa çəkildiyi mürəkkəb bir prosesdir. Azərbaycan bu sınaqdan uğurla çıxır. İkincisi, enerji sektoru artıq neft ixracatı üzərində qurulmuş köhnə modeldən çox daha geniş, çoxşaxəli, müasir texnologiyalara əsaslanan bir arxitekturaya söykənir. Üçüncüsü, Azərbaycanın beynəlxalq nüfuzu-WUF13 kimi forumların Bakıda keçirilməsi, enerji tərəfdaşlıqlarının genişlənməsi, regional diplomatiyada artan rol - artıq müzakirə mövzusu yox, sabit bir reallıqdır. Nəhayət, prezidentin özü vurğuladığı kimi, Azərbaycanın bu təcrübəsi gələcəkdə başqa dövlətlər üçün həqiqi bir nümunə ola bilər”.


Cavanşir Abbaslı
Musavat.com

Избранный
21
musavat.com

1Источники