Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA), Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında bərabərhüquqlu və faydalı əməkdaşlıq perspektivlərinə həsr olunmuş üçtərəfli görüş keçirilib.
Görüşdə əsas məqsədi beynəlxalq yükdaşımalar və logistika sahəsində mövcud vəziyyətin təhlili, regionda nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması və tərəfdaşlar arasında birgə layihələrin icrası imkanlarının müzakirəsi olub.
Görüş zamanı tərəflər qlobal və regional nəqliyyat layihələrində dayanıqlı inkişafın təmin edilməsi üçün növbəti addımları müəyyənləşdiriblər.
Müzakirələr zamanı qeyd olunub ki, üçtərəfli formatda qurulan bu əməkdaşlıq həm yerli daşıyıcıların beynəlxalq bazarlara inteqrasiyasını sürətləndirəcək, həm də Azərbaycanın tranzit qovşağı kimi mövqeyini gücləndirəcək. Həmçinin beynəlxalq yükdaşımalarda sənədləşmənin asanlaşdırılması məqsədilə e-TIR və e-CMR sistemlərinin tətbiqinin genişləndirilməsi, Orta Dəhliz boyunca regional inteqrasiyanın gücləndirilməsi və gömrük-keçid məntəqələrində vaxt itkisinin minimuma endirilməsi, GİZ-in dəstəyi və IRU-nun beynəlxalq standartları əsasında yerli sürücü və logistika mütəxəssisləri üçün təlim proqramlarının təşkili kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda tərəflər müzakirə olunan sahələr üzrə birgə fəaliyyət planının hazırlanması və mütəmadi məsləhətləşmələrin aparılması barədə razılığa gəliblər.


