RU

WUF13: “İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?” - Dəyirmi masa yekunlaşıb

Bakı, 20 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Business Roundtable” tədbirində qlobal mənzil böhranı, dayanıqlı şəhərsalma üçün maliyyə mexanizmləri və özəl sektorun rolu əsas müzakirə mövzuları olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Edlan Yumeru bildirib ki, hazırda dünyada 3,4 milyard insan mənzil və yaşayış şəraiti ilə bağlı müxtəlif risklərlə üzləşir. Onun sözlərinə görə, WUF13 bu çağırışlara cavab verəcək praktik həllərin müzakirəsi üçün mühüm beynəlxalq platformadır.

Edlan Yumeru qeyd edib ki, UN-Habitat dövlət qurumları, yerli idarəetmə orqanları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. O vurğulayıb ki, mənzil maliyyələşməsi sahəsində mövcud boşluqlar yalnız dövlət resursları hesabına aradan qaldırıla bilməz və bu istiqamətdə özəl sektor əvəzolunmaz tərəfdaşdır.

Bildirilib ki, UN-Habitatın yeni dördillik strateji planında mənzil, torpaq və əsas xidmətlər prioritet istiqamətlər kimi müəyyən edilib. Özəl kapitalın beynəlxalq maliyyə institutları və çoxtərəfli maliyyə mexanizmləri ilə birgə səfərbər olunmasının təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb.

Vurğulanıb ki, WUF13 çərçivəsində aparılan müzakirələr “Bakı Fəaliyyət Çağırışı” sənədinin formalaşmasına töhfə verəcək. Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumu dayanıqlı şəhərsalma və urban inkişaf sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biridir və burada qurulan tərəfdaşlıqlar gələcək qlobal təşəbbüslər üçün yol xəritəsi rolunu oynayır.

Bildirilib ki, dəyirmi masa müzakirələri əlçatan mənzilin təmin edilməsinə uzunmüddətli kapital yatırımları, aktivlərin dayanıqlılığı və tikinti riskləri prizmasından yanaşır. Tədbirdə investorlar, tikinti şirkətləri, maliyyə institutları, dövlət qurumları və şəhərsalma üzrə ekspertlər bir araya gələrək mənzil maliyyələşməsinin dayanıqlı və inklüziv şəhər inkişafına necə töhfə verə biləcəyini müzakirə ediblər.

Müzakirələrdə risk və gəlirlilik gözləntiləri, tənzimləyici çərçivələr, iqlim risklərinin sığorta və aktiv dəyərinə təsiri, eləcə də dayanıqlılıq investisiyalarının uzunmüddətli iqtisadi səmərəliliyi kimi məsələlərə toxunulub. Xüsusilə əlçatanlıq və inklüzivlik prinsiplərinin qorunması ilə kommersiya dayanıqlılığı arasında balansın yaradılmasının vacibliyi qeyd edilib.

Panel sessiyası “Hindistanda əlçatan mənzil sahəsində sektorlararası maliyyə katalizatorlarının təmin edilməsi” və “İnvestisiya əsasları: bazarı investisiya üçün cəlbedici edən nədir?” mövzularında dəyirmi masalarla davam edib.

Sessiyanın birinci hissəsində çıxış edən Lindsey Nelly Kanadada mövcud mənzil problemlərindən bəhs edib. O bildirib ki, ipoteka kreditlərinin sığortalanması üçün özəl investisiyaların cəlb edilməsinə xüsusi önəm verilir. Dövlət dəstəyi ilə həyata keçirilən əlçatan mənzil layihələrinin əhəmiyyəti vurğulanıb.

Pakistanın iqlim dəyişikliyi naziri Musadik Malik isə iqlim böhranının yaratdığı kütləvi miqrasiyanın ciddi sosial problemlərə səbəb olduğunu bildirib. Onun sözlərinə görə, mövcud yanaşma və mexanizmlər artıq effektiv nəticə vermir və yeni maliyyə və idarəetmə modellərinə ehtiyac yaranıb.

“PMD Group LLC” şirkətinin nümayəndəsi, Vaşinqton Universitetinin daşınmaz əmlakın inkişafı üzrə eksperti Kamil Əliyev çıxışında Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində həyata keçirilən mənzil layihələrinin şəhərsalma və investisiya baxımından mühüm əhəmiyyət daşıdığını deyib. O qeyd edib ki, Zəngilan, Şuşa və ümumilikdə Qarabağ bölgəsində müxtəlif yaşayış layihələrinin icrası istiqamətində işlər aparılır.

Tədbirdə, həmçinin dövlət-özəl tərəfdaşlığı, qarışıq maliyyələşdirmə modelləri, zəmanət mexanizmləri və sosial təsir istiqrazları kimi innovativ maliyyə alətlərinin dayanıqlı mənzil təminatında rolu geniş müzakirə olunub.

Müxbirlər - Pərvanə Qafarova, Aydan Həsənli
Fotoqraf - Tofiq Babayev
Operator - Ələkbər Baxşıyev
Избранный
15
1
azertag.az

2Источники