Xarici siyasətdə də milli hökumətin qarşısında dayanan əsas vəzifə Paris Sülh Konfransında dünyanın aparıcı dövlətləri tərəfindən tanınmağı təmin etmək və diplomatik əlaqələr qurmaq idi. Avropa ölkələrinə rəsmi məlumatların göndərilməsi və aparılan gərgin diplomatik fəaliyyət nəticəsində Azərbaycan beynəlxalq hüququn subyektinə çevrildi. Məhz bu beynəlxalq tanınma sayəsində, 1920-ci ilin aprelində baş verən bolşevik işğalından sonra belə Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən bəbədi olaraq silinməsinin qarşısı alındı.
XX əsrin sonlarında - 1991-ci il oktyabrın 18-də yenidən qovuşduğumuz müstəqilliyimizin ilk illərində ölkəmiz Ermənistanın hərbi təcavüzü, daxili xaos və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz siyasi iradəsi və fədakarlığı sayəsində dövlətimizi məhv olmaqdan xilas etdi. Ümummilli Lider hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli bayrağımızı rəsmi dövlət bayrağı kimi qaldırmaqla müstəqilliyə gedən yolu cızmışdı. Onun azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını bərpa etdi və milli dövlətçilik ənənələrimizi sarsılmaz təməllər üzərinə qoydu".