AZ

Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını bərpa etdi- ÖZƏL

"Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti, xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin məntiqi nəticəsi idi. AXC xalqın milli mənlik şüurunu özünə qaytardı və onun öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "23 aylıq qısa zaman kəsiyində əldə olunan ən böyük nailiyyətlərdən biri də təhsil sahəsində oldu. 1918-ci ilin avqustunda "Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında" qəbul edilən qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında isə parlament Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi. Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış tarixi bir addım oldu.

Xarici siyasətdə də milli hökumətin qarşısında dayanan əsas vəzifə Paris Sülh Konfransında dünyanın aparıcı dövlətləri tərəfindən tanınmağı təmin etmək və diplomatik əlaqələr qurmaq idi. Avropa ölkələrinə rəsmi məlumatların göndərilməsi və aparılan gərgin diplomatik fəaliyyət nəticəsində Azərbaycan beynəlxalq hüququn subyektinə çevrildi. Məhz bu beynəlxalq tanınma sayəsində, 1920-ci ilin aprelində baş verən bolşevik işğalından sonra belə Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən bəbədi olaraq silinməsinin qarşısı alındı.

XX əsrin sonlarında - 1991-ci il oktyabrın 18-də yenidən qovuşduğumuz müstəqilliyimizin ilk illərində ölkəmiz Ermənistanın hərbi təcavüzü, daxili xaos və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz siyasi iradəsi və fədakarlığı sayəsində dövlətimizi məhv olmaqdan xilas etdi. Ümummilli Lider hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli bayrağımızı rəsmi dövlət bayrağı kimi qaldırmaqla müstəqilliyə gedən yolu cızmışdı. Onun azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını bərpa etdi və milli dövlətçilik ənənələrimizi sarsılmaz təməllər üzərinə qoydu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr