RU

Göydəniz Qəhrəmanov: “Gürcüstanın atdığı addım beynəlxalq turizm standartlarına uyğundur”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gürcüstana səfər etmək istəyən şəxslər artıq məcburi səfər sığortası əldə etməlidirlər.

Bizimyol.info xəbər verir ki, yeni qaydalara əsasən, sığortası olmayan şəxslər cərimələnə və ölkəyə girişlərinə məhdudiyyət qoyula bilər.

Gürcüstanla dəmiryolu nəqliyyatının bərpa edilməsi bu məsələni yenidən gündəmə gətirib.

Vətəndaş Gürcüstana 1 həftəlik səyahət etmək istəyirsə, səyahət sığortasının qiyməti təxminən 12 manat olacaq. Müddət artdıqca sığorta haqqı da adekvat olaraq yüksəlir. Qatar reyslərinin bərpasından sonra sığortaya tələbat artıb.

Bildirilir ki, icbari həyat sığortası olmadığı üçün tətbiq edilən cərimə 300 lari, yəni təxminən 186 manat təşkil edir. Cəriməni 1 ay ərzində ödəmədikdə isə məbləğ 3 dəfə artaraq 900 lari, təxminən 558 manata çatır. Sığorta sənədi çap edilmiş və ya elektron formatda gürcü, ya ingilis dilində təqdim olunmalıdır. Sığorta Gürcüstanda olduğunuz bütün müddəti əhatə etməlidir. Minimum sığorta limitləri ambulator və təcili tibbi yardım xidmətləri üşün minimum 500m ABŞ dolları, stasionar xidmətlər üçün isə 30 min lari, yaxud 15 min ABŞ dolları həcmində təminat tələb olunur.

O da bildirilir ki, təminat altına alınan risklər sırasına yük baqajlarının itirilməsi halı da daxildir. Bununla yanaşı sığortalı vətəndaş tibbi xidmətlərdən öz şəxsi büdcəsi hesabına istifadə edir və daha sonra vətənə qayıtdığı zaman həmin qəbzləri sığorta şirkətinə təqdim etməklə xərclədiyi vəsaiti geri ala bilər.

Bu qaydanın tətbiqində əsas məqsəd nədir? Bəs Azərbaycanda niyə belə bir tələb yoxdur?

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhərmanov bildirib ki, dünyanın bir çox ölkəsində turistlərdən səfər sığortası tələb olunur: “Gürcüstan tərəfindən xarici vətəndaşlar üçün tətbiq edilən məcburi səyahət sığortası tələbi regionda turizm və sərhəd keçid qaydaları ilə bağlı diqqətçəkən tələblərdən biridir. Bu qərar ilk baxışda əlavə prosedur kimi görünsə də, əslində vətəndaşların təhlükəsizliyinin təmin olunmasına və mümkün risklərin qarşısının alınmasına xidmət edir.

Bu gün dünyanın bir çox ölkəsində turistlərdən səfər sığortası tələb olunur. Xüsusilə Avropa ölkələri, Körfəz regionu və bir sıra Asiya dövlətləri xarici turistlərin tibbi və digər fövqəladə hallara qarşı sığortalı olmasını vacib şərt kimi irəli sürürlər. Gürcüstanın da bu praktikaya qoşulması beynəlxalq turizm standartlarına uyğun addım hesab oluna bilər”.

Göydəniz Qəhrəmanov həmçinin deyib: “Azərbaycan vətəndaşları da Gürcüstana səfər etməzdən əvvəl bu məsələni nəzərə almalı, səfər sığortasını öncədən əldə etməlidirlər. Çünki ölkəyə giriş zamanı sığorta sənədinin təqdim olunması tələb oluna bilər. Sığortanın olmaması isə həm cərimə, həm də girişlə bağlı çətinliklər ola bilər.

Sevindirici haldır ki, bu proses olduqca sadələşdirilib.

Vətəndaşlarımız sığortanı onlayn qaydada bir neçə dəqiqə ərzində əldə edə, həmçinin yerli sığorta və turizm şirkətlərinə müraciət edərək rahat şəkildə rəsmiləşdirə bilərlər. Xüsusilə turizm şirkətlərinin bu istiqamətdə maarifləndirmə aparması və turları təklif etdikləri zaman sığortanı xidmətə daxil etməsi vacibdir”.

Göydəniz Qəhrəmanov əlavə edib: “Eyni zamanda Bakı–Tbilisi dəmir yolu əlaqəsinin yenidən bərpa olunması çox müsbət və əlamətdar hadisədir. Bu addım həm insanlar arasında əlaqələrin genişlənməsinə, həm də regionda turizm dövriyyəsinin artmasına ciddi töhfə verə bilər. Qatar nəqliyyatı daha rahat, əlçatan və iqtisadi baxımdan sərfəli səyahət imkanı yaratdığı üçün minlərlə insanın Gürcüstana və əks istiqamətdə səfərinə stimul olacaq.

Düşünürəm ki, dəmir yolu əlaqələrinin açılması və sərhəd keçid prosedurlarının müasir standartlara uyğunlaşdırılması region turizmi üçün yeni imkanlar açır. Bu, həm Azərbaycan, həm də Gürcüstan üçün turist sayının artırılması, iqtisadi əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
78
50
bizimyol.info

10Источники