RU

Hindistan və ABŞ minerallarla bağlı saziş imzalayıb

Hindistan və ABŞ hakimiyyətləri kritik əhəmiyyətli minerallar sahəsində əməkdaşlığa dair saziş imzalayıblar. Sənədin imzalanma mərasimi Yeni Dehlidə ABŞ dövlət katibi Marko Rubio və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın iştirakı ilə baş tutub.

“Bu gün biz Hindistan və ABŞ arasında kritik faydalı qazıntılar və nadir torpaq elementlərinin, o cümlədən onların hasilatı və emalının etibarlı təchizatını təmin etməyə yönəlmiş ikitərəfli çərçivə sazişi imzalayırıq”, — deyə Cayşankar bildirib.

Onun sözlərinə görə, sənəd kritik minerallar və nadir torpaq elementlərinin tədarük zəncirinin bütün mərhələləri üzrə — hasilat, emal, utilizasiya və əlaqəli investisiyalar daxil olmaqla — əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Saziş dayanıqlı və şaxələndirilmiş təchizat zəncirlərinin möhkəmləndirilməsinə, maliyyələşdirmə sahəsində əməkdaşlığa və resursların səmərəli idarə olunmasına töhfə verəcək.

Marko Rubio isə bildirib ki, Hindistan və ABŞ-nin strateji maraqları kritik minerallara və innovasiya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan təchizat zəncirlərinə etibarlı və uzunmüddətli çıxışın təmin edilməsini tələb edir.

“Bizim kimi sürətlə inkişaf edən innovasiya iqtisadiyyatları sənayeləri üçün əsas materialları tək təchizat mənbəyinə nəzarət edən monopoliyaların təsiri altında qoymağa imkan verə bilməz. Bu monopoliyalar bizi həmin resurslardan yalnız münaqişə zamanı deyil, həm də milli suveren maraqlarımıza zidd təzyiq aləti kimi istifadə etməklə məhrum edə bilər”, — deyə Rubio əlavə edib.

Избранный
57
24
banker.az

10Источники