RU

Azərbaycan nümayəndə heyəti Oljas Süleymenova həsr olunmuş beynəlxalq forumda iştirak edir - FOTO

Görkəmli şair, mütəfəkkir və ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunan VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu Qazaxıstanın Almatı şəhərində öz işinə başlayıb. “Öz yerinin Səfiri” mövzusunda keçirilən tədbir UNESCO-nun himayəsi altında Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Bulat Utemuratov Fondu tərəfindən təşkil olunub.

Redaktor.az xəbər verir ki, Forumun açılış mərasimində Qazaxıstan rəsmiləri ilə yanaşı UNESCO və TÜRKSOY nümayəndələri də iştirak edərək Oljas Süleymenovun mədəniyyətlərarası dialoqun inkişafındakı mühüm rolunu vurğulayıblar. Tədbir həm onlayn, həm də əyani formatda dünyanın müxtəlif ölkələrindən tanınmış şəxsləri bir araya gətirib. Onların sırasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev də yer alıb.

Çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova forumun yubiley tədbiri ilə üst-üstə düşməsini xüsusi əhəmiyyət kimi qeyd edib və dövlətlərarası əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. O, həmçinin “Oljas Süleymenov Azərbaycanın gözü ilə” adlı yeni kitabın nəşr olunduğunu bildirib.

Kitabda Süleymenovla Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasındakı tarixi əlaqələr, rəsmi sənədlər və Azərbaycan ziyalılarının onun haqqında yazıları toplanıb. Nəşr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir gün ərzində müxtəlif məruzələrlə davam edəcək və sonda yekun qətnamənin qəbul olunması nəzərdə tutulur.

Qeyd edək ki, Forumda dörd nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edir: Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, AYB-nin baş müşaviri Rauf Aslanov və AYB-nin üzvü, Redaktor.az xəbər portalının təsisçisi və baş direktoru Seymur Şeydayev.

AYSEL

2222
Избранный
56
1
redaktor.az

2Источники