ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Xorvatiya 2030-cu ilə qədər silahlı qüvvələrini modernləşdirərək Avropanın ən güclü kiçik ordularından birinə sahib olmağı planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İvan Anuşiç milli HRT televiziyasının efirində bildirib.
Nazirin sözlərinə görə, hazırda Xorvatiya ordusunda genişmiqyaslı modernizasiya prosesi həyata keçirilir. Bu çərçivədə yeni hava hücumundan müdafiə sistemləri, korvetlər, "Black Hawk" helikopterləri, "Rafale" qırıcıları, HIMARS raket sistemləri, tanklar, haubitsalar və yerli istehsal pilotsuz uçuş aparatları alınır.
“Məqsəd odur ki, 2030-cu ilə qədər Xorvatiya Avropanın ən güclü kiçik ordularından birinə çevrilsin”, – deyə Anuşiç vurğulayıb.
Nazir əlavə edib ki, ölkə istənilən təhlükəyə hazır olmaq üçün silahlı qüvvələrini modernləşdirməyə davam edir. Bu kontekstdə o, Serbiya tərəfindən Çin istehsalı olan səsdən sürətli raketlərin alınmasını da xatırladıb.
Daha əvvəl Anuşiç bildirib ki, son iki ildə Zaqreb Xorvatiyanın müdafiə sənayesinə təxminən 150 milyon avro sərmayə yatırıb. Dövlət maliyyəsi alan şirkətlər arasında pilotsuz uçuş aparatları istehsalçısı "Orqa", pilotsuz platformalar üzrə ixtisaslaşmış texnologiya şirkəti "DOK-ING" və maşınqayırma holdinqi "Djuro Djakovic" yer alıb.
Onun sözlərinə görə, Xorvatiya həmçinin Avropa İttifaqının SAFE müdafiə investisiyası proqramı çərçivəsində 1,7 milyard avro kredit də rəsmiləşdirib. Bu vəsait hesabına ölkə 44 ədəd "Leopard" tankı, haubitsalar və digər hərbi texnika almağı planlaşdırır.
Martın 14-də Xorvatiya NATO-nun baş katibi Mark Rütteni Serbiyanın 400 kilometrədək mənzilə malik “hava-yer” tipli raketlər əldə etməsi barədə məlumatlandırıb.
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bunun NATO rəhbərliyi və alyans üzvləri tərəfindən nəzərə alınmalı vacib məsələ olduğunu bildirib.
Serbiya Prezidenti Aleksandar Vuçiç isə daha əvvəl ölkənin "MiQ-29" qırıcılarının Çin istehsalı raketlərlə təchiz edildiyini açıqlayıb. O, həmçinin Belqradın Albaniya, Xorvatiya və tanınmamış Kosovo arasında hərbi əməkdaşlığı potensial təhlükə kimi qiymətləndirdiyini və özünü müdafiəyə hazırlaşdığını qeyd edib.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.