2025-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı Daxili İşlər Nazirliyində 8889 müraciət qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
Statistik göstəricilər əvvəlki illərlə müqayisədə azalma tendensiyasını göstərir. Belə ki, 2024-cü ildə bu rəqəm 9014, 2023-cü ildə 9389, 2022-ci ildə isə 9864 olub.
2025-ci ildə məişət zorakılığı ilə bağlı 1396 cinayət qeydə alınıb, 1413 zərərçəkmiş şəxs müəyyən edilib. Zərərçəkənlərin 1176-sı qadın, 237-si isə kişi olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 1471, 2023-cü ildə isə 1513 belə cinayət qeydə alınmışdı.
Ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən 39 cinayət qeydə alınıb. Bu göstərici 2024-cü ildə 42 olub.
Ötən il qadını nikaha daxil olmağa məcbur etmə ilə bağlı cinayət faktı qeydə alınmayıb.
Hesabat dövründə qadınlara qarşı ümumilikdə 6572 cinayət qeydə alınıb. Onlardan 2435-i zorakılıqla müşayiət olunan cinayətlər olub. Qadınlara qarşı törədilən cinayətlərin 157-si qəsdən sağlamlığa zərər vurma, 98-i xuliqanlıq, 334-ü cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə cinayətlər, 21-i zorlama, 252-si isə insan alveri ilə bağlı olub.
2025-ci ildə qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4516 şəxs müəyyən edilərək, onların 2716-sı məsuliyyətə cəlb olunub. 2024-cü ildə isə bu göstəricilər müvafiq olaraq 4468 və 2745 olub.
Ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 152 insan alveri, 1 məcburi əmək və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı 45 cinayət aşkarlanıb. Cinayətlərdən zərər çəkmiş 46 qurbanın hamısının qadın olduğu bildirilib. (Trend.az)
Bizim.Media