Ulu Öndər Heydər Əliyev Azərbaycanı SSRİ adlı imperiyanın xarabalıqları altından dartıb çıxarmalı, ona yenidən nəfəs verib canlandırmalı və müstəqilliyimizi qorumalı idi. Bu, Tanrının onun taleyinə yazdığı missiya idi. Amma bəzən missiyanı təkcə Tanrı yazmır, özünü ayı və şir sayan “qonşular”ın da, özünü beynəlxalq ictimaiyyətin “ağsaqqalı” görənlərin də əlində “qələm” olur. Nəticə isə çox ağır oldu: biri təcavüzkara 1 milyard dollarlıq silah-sursat verib Azərbaycan torpaqlarını işğala həvəsləndirdi, ərazimizin 20 faizi əlimizdən getdi, 1 milyon vətəndaşımız məcburi köçkün vəziyyətinə düşdü, digəri ölkəmizdə əlavə separatçılıq ocaqları yaratmağa cəhd etdi, başqa birilərini qandırmaq üçün Heydər Əliyev xəritə qarşısında coğrafiya dərsi keçmək məcburiyyətində qaldı. Tarixdə eyni vaxtda taleyinə bu qədər missiya yazılmış neçə lider olub ki? Amma Heydər Əliyev yorulmadı, həm ev-eşiyini itirmiş soydaşlarımıza həyan oldu, həm yeni hərbi qiyamların qarşısını aldı, həm ATƏT-in Minsk qrupunun təslimçilik təkliflərini rədd etdi, həm rus ordusunun yenidən Azərbaycana qayıtmaq cəhdlərinin qarşısını aldı, həm də xalqın gələcəyə inamını bərpa etdi. 2003-cü ildə prezident seçilən İlham Əliyev Heydər Əliyevin qoyduğu bu təməllər üzərində Azərbaycanı yeni mərhələyə daşımalı idi. O, ilk andiçmə mərasimində Azərbaycan xalqına “Mən bütün dünya azərbaycanlılarının Prezidenti olacağam”, “Azərbaycanda bircə çadır şəhərciyi də qalmayacaq”, “Gün gələcək, Şuşada qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanında keçirilən Zəfər paradına gətiriləcək”, “İşğal altındakı hər bir şəhərimizdə, hər bir kəndimizdə Azərbaycan Bayrağı dalğalanacaq”, “Məcburi köçkünlərimiz məni öz evlərində qarşılayacaq” vədlərini verdi. 42 yaşlı bir gəncin bu sözləri o zaman çoxumuza əlçatmaz görünsə də, vəd sahibi nə dediyinin fərqində idi. Və dediklərinin hamısını da həyata keçirdi. Qarabağı işğaldan azad edən ordunu İlham Əliyev qurdu, onu ən müasir silahlarla İlham Əliyev təchiz etdi.
Qarabağda müharibəyə başlamaq üçün əlverişli beynəlxalq şəraiti İlham Əliyev yetişdirdi. De-yure 35 ildən, de-fakto 100 ildən çox Ermənistanın nəzarətində olan Qarabağda Azərbaycanın dövlət suverenliyini İlham Əliyev bərpa etdi. Həm də soyqırımı törətmədən, etnik təmizləmə aparmadan, mülki şəxsləri hədəf almadan, qadın və uşaqları qətlə yetirmədən. Qarabağ münaqişəsinin taleyini Azərbaycanın suverenliyi və müstəqilliyi məsələsində İlham Əliyevin güzəştsiz mövqeyi həll etdi. Məhz bunun nəticəsi idi ki, Bakıda çay içmək arzusunda olan separatçıların liderləri əli qandallı paytaxtımıza gətirildilər. İlham Əliyev tarixə təkcə Qarabağı Azərbaycana birdəfəlik qaytaran lider kimi deyil, həm də rus ordusunu Azərbaycandan iki dəfə çıxaran rəhbər kimi düşdü. İlk dəfə 1722-ci ildə I Pyotrun Xəzərsahili vilayətlərə birinci yürüşü ilə Azərbaycana qədəm qoyan rus ordusunu İlham Əliyev 2012-ci ildə Qəbələdən, 2024-cü ildə isə Qarabağdan çıxardı. O, azərbaycanlıların arzuladıqları, amma reallaşmasına inanmadıqları iki böyük tarixi nailiyyətə cəmi 3 ilyarım ərzində imza atdı: ermənisiz Qarabağ və rus əsgəri olmayan Azərbaycan. Bu onun tarix və gələcək nəsillər qarşısında ƏN BÖYÜK XİDMƏTİ və ƏN BÖYÜK ƏSƏRİdir. 7 fevral 2024-cü il Prezident seçkiləri ərəfəsində Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə “Sizcə, babanız sağ olsaydı, bu seçkilərdə kimə səs verərdi?” sualına belə cavab vermişdi: “İlham Əliyevə”. Bu gün Cümhuriyyətimizin qurucu babalarının Bakının mənzərəli yerlərində süni intellektlə hazırlanmış videolarını izləyərkən həmin cavabı bir daha xatırladım. Çünki İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə təkcə Heydər Əliyevin deyil, həm də Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əbülfəz Elçibəyin arzularını reallaşdırdı. Onlar bu cür MÜSTƏQİL AZƏRBAYCANI yalnız xəyal etmişdilər. Müstəqillik Günümüz mübarək! Cavid İsmayıl,
Tarix üzrə fəlsəfə doktoru
