RU

Uşaqlar sosial şəbəkələrin “əsirinə” çevrilir? Elə bir PLAN hazırlanır ki...

“Rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli kontent və informasiyadan qorunması ilə bağlı sərəncam imzalanıb. 2018-ci ildə də uşaqların və yeniyetmələrin zərərli informasiyadan qorunması ilə bağlı sərəncam mövcud idi. Amma bu yeni sənəd xüsusilə rəqəmsal mühitdə qorunma məsələsini əhatə edir. Bu sərəncamda bir neçə əsas məqam vurğulanır. Birinci olaraq qeyd olunur ki, məktəbəqədər müəssisələrdə və məktəblərdə kurikulum, proqram və dərs vəsaitlərinə süni intellekt texnologiyaları, rəqəmsal resurslar və sosial şəbəkələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici mövzular daxil edilsin. İkinci məqam isə məktəbəqədər müəssisələrdə və məktəblərdə internetdən, sosial şəbəkələrdən və smart qurğulardan istifadə ilə bağlı yaş məhdudiyyətinin tətbiqi və digər tənzimləyici mexanizmlərin hazırlanmasıdır. Bu istiqamətdə Nazirlər Kabinetinə tapşırıq verilib ki, üç ay ərzində müvafiq sənədlər hazırlansın və təqdim olunsun”.

Bunu Musavat.com-a açıqlamasında Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev deyib.

O bildirib ki, digər məqam isə müəllimlərin və şagirdlərin məlumatlandırılması, həmçinin hüquqi mexanizmin hazırlanması ilə bağlıdır. Bu hüquqi mexanizm çərçivəsində sosial şəbəkə fəaliyyətini tənzimləyən yeni qərar və ya qanunun qəbul olunması ehtimalı da qeyd edilir:

“Yaxın 1–2 ay ərzində Azərbaycanda bu istiqamətdə yeni reallıqların yaranması gözlənilir. Çünki sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətlərinin tətbiqi məsələsi gündəmdədir və bununla bağlı artıq rəsmi tapşırıqlar verilib.

Bu mexanizmin tətbiq olunacağı gözlənilir, çünki sosial şəbəkələr vasitəsilə Azərbaycan cəmiyyətinin dəyərlərini aşağılayan, süni intellekt texnologiyalarından sui-istifadə edən və ya yeniyetmələrdə davranış pozuntularını təşviq edən paylaşımlar mövcuddur. Məsələn, bəzi xarici linklər və məzmunlar Azərbaycan cəmiyyəti üçün xarakterik olmayan davranış modellərini yayır. Bu təsirlər artıq orta məktəb şagirdləri arasında da müşahidə olunur. Xüsusilə xarici mənbələrdən gələn kontentlər gənclərin davranışına təsir göstərir. Uşaq və yeniyetmələr arasında cinayət hallarını təhlil edərkən də görünür ki, cinayət davranışlarının xarakterində dəyişikliklər baş verir və burada sosial şəbəkələrin təsiri nəzərə çarpır. Eyni zamanda sosial mediada cinayət aləmi ilə bağlı şəxslərin qəhrəmanlaşdırılması kimi hallara da rast gəlinir.

Bütün bunlar ümumi təhlillər nəticəsində belə bir qənaətə gətirib çıxarır ki, Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi uşaq və yeniyetmələrin rəqəmsal zərərli informasiyadan və kontentlərdən qorunması üçün xüsusi mexanizmlər yaradılmalıdır. Bu zərurətdən çıxış edərək məsələ dövlət səviyyəsində Nazirlər Kabinetinə tapşırılıb.

Gözləntilər ondan ibarətdir ki, yeni mexanizmlər tətbiq olunduqdan sonra Azərbaycanda da bir sıra ölkələrdə olduğu kimi sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətləri tətbiq ediləcək. Məsələn, Çində, Türkiyədə və Avstraliyada bu cür təcrübələr mövcuddur. Almaniyada və digər Avropa ölkələrində də buna hazırlıq işləri aparılır. Yaxın vaxtlarda Azərbaycanda da bu istiqamətdə yaş məhdudiyyətləri və məktəblərdə istifadə qaydaları ilə bağlı mexanizmlərin tətbiqi gözlənilir”.

üzeyir.jpg

Sosioloq qeyd edib ki, bu addımlar təkbaşına kifayət deyil və müşayiətedici tədbirlərlə dəstəklənməlidir. Valideynlər evdə uşaqlara nəzarət etməli, onların hansı platformalardan istifadə etdiyini bilməlidirlər:

“Uşağı sakit saxlamaq üçün ona telefon vermək düzgün yanaşma deyil. “Sən öz telefonunla girə bilmirsən, mənim telefonumdan istifadə et” kimi yanaşma da doğru hesab edilmir. Burada valideyn, məktəb və aidiyyəti qurumlar, eyni zamanda sosial media platformaları arasında əməkdaşlıq vacibdir. Təkcə qərar qəbul olunması kifayət etmir. Ailə, məktəb, hüquq-mühafizə orqanları və media birlikdə işləməlidir.

Sərəncamda sosial şəbəkələrdə süzgəc mexanizmlərinin tətbiqi, sarı və əxlaqa zidd paylaşımların qarşısının alınması da nəzərdə tutulur. Bu, müsbət addım kimi qiymətləndirilir və yaxın zamanda bunun nəticələrinin görüləcəyi gözlənilir.

Bəzi hallarda valideynlər öz hüquqlarından istifadə edərək uşaqları sosial şəbəkələrdə paylaşım obyektinə çevirirlər və bu, uşağın gələcəyi üçün mənfi nəticələr yarada bilər. Sabah həmin uşaq bu paylaşımlardan utana bilər və bu, onun psixoloji durumuna və karyerasına təsir göstərə bilər. Ona görə də hər bir valideyn anlamalıdır ki, valideyn hüququ uşağın mənafeyinə zidd ola bilməz. Uşağın hüquqlarına hörmətlə yanaşmaq və onun gələcəyini düşünmək vacibdir. Əks halda, uşaq gələcəkdə bu vəziyyətin yaratdığı psixoloji travmanı yaşaya bilər. Bu cür hallarla bağlı valideynlərin maarifləndirilməsi vacibdir, amma bu, təkbaşına kifayət etmir. Hüquqi və inzibati mexanizmlər də paralel şəkildə işləməlidir. Sosial şəbəkələrdə monitorinq aparılmalı, kontentlər təhlil olunmalı və zərərli paylaşımlar edənlərə qarşı tədbirlər görülməlidir.

Bəzi valideynlər hüquqi nəticələrdən xəbərsiz olduqları üçün belə paylaşımların məsuliyyət yaratdığını anlamırlar. Halbuki məlumatlı olsalar, uşağın mənafeyinə zidd hərəkətlərin hüquqi məsuliyyət doğurduğunu bilərdilər. Bu sahədə ilk təcrübələrdən biri Avstraliyaya aiddir. Almaniyada da hazırlıq işləri gedir, Türkiyədə isə bu istiqamətdə müəyyən tətbiqlər mövcuddur. Amma əsas məsələ məsuliyyətli yanaşmadır, çünki zərərli məzmunlar uşaqların və yeniyetmələrin psixologiyasına ciddi təsir göstərir.

Cinayət aləminin “kumir” kimi təqdim olunması, ailədaxili konfliktlərin təşviqi və şəxsi həyatın alçaldılması kimi paylaşımlar düzgün deyil. Burada medianın, aidiyyəti qurumların, ailənin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Bu məsələ hamımızın problemidir. Bu gün həm ailə, həm də məktəb sosial şəbəkələrin təsiri altındadır. Ona görə də sosial şəbəkələrin sağlam sosiallaşma mühiti yaratması və cəmiyyəti zərərli təsirlərdən qoruması üçün süzgəc və filtr mexanizmlərinin tətbiqi zəruridir”.

Şahanə Rəhimli
Musavat.com

Избранный
52
musavat.com

1Источники